İnstitut
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi (AzMİ) öz səlahiyyətləri daxilində ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimlənməsini (dövlət metroloji nəzarəti istisna olunmaqla) həyata keçirən qurumdur. İnstitut metroloji xidmət sahəsində ən müasir texniki imkanlara, yüksək səviyyəli kadr potensialına malikdir.
İnstitut Azərbaycan Respublikasının dövlət etalonlarının saxlayıcısıdır. AzMİ kəmiyyət vahidlərinin ilkin dövlət etalonlarından kəmiyyət vahidi etalonlarınadək metroloji izlənilməni təmin etməklə yanaşı, ölçmə vasitələrinin yoxlanılmasını və kalibrlənməsini də həyata keçirir.
Hazırda İnstitutda dövlət etalon laboratoriyaları (kütlə, təzyiq, temperatur, vaxt və tezlik, elektrik kəmiyyətləri, sıxlıq, özlülük, ionlaşdırıcı şüalanma), həmçinin ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi və sınaq laboratoriyaları fəaliyyət göstərir. İnstitutun 5 regional ərazi idarəsi mövcuddur.
Gələcəkdə maye və qaz sərfi, həcm, uzunluq, qüvvə, nəmlik, akustika, fotometriya, kolorimetriya və digər dövlət kəmiyyət vahidlərinin yeni etalon laboratoriyalarının yaradılması, eləcə də mövcud laboratoriyaların təkmilləşdirilməsi ilə laboratoriyaların ümumi sayının 27-yə çatdırılması nəzərdə tutulub.
Azərbaycan Metrologiya İnstitutu Çəkilər və Ölçülər üzrə Baş Konfransda (CGPM), Beynəlxalq Qanunverici Metrologiya Təşkilatında (OIML), Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlıq Təşkilatında (COOMET), Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB ölkələrinin Dövlətlərarası Şurasında (МГС), İslam Ölkələri üzrə Standartlaşdırma və Metrologiya İnstitutunda (SMIIC) ölkəmizi təmsil edir. Həmçinin İnstitut “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrlənmə sertifikatlarının qarşılıqlı tanınması haqqında Beynəlxalq Saziş”in (CIPM MRA) iştirakçısıdır.
AzMİ-nin kalibrlənmə və ölçmə imkanları (Calibration and Measurement Capabilities – CMC) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) “Əsas tutuşdurmaların məlumat bazası”nda (KCDB) dərc edilib. Hazırda İnstitutun 35 CMC sətiri mövcuddur (24 sətir - temperatur üzrə, 6 sətir - kütlə üzrə, 3 sətir ionlaşdırıcı şüalanma üzrə,1 sətir - mayelərin kinematik özlülüyü üzrə, 1 sətir - mayelərin sıxlığı üzrə CMC). CIPM MRA sazişi çərçivəsində AzMİ tərəfindən müvafiq sahələrdə verilən kalibrlənmə sertifikatları (ölçmə və kalibrlənmə nəticələri) 100-dən çox ölkə tərəfindən qarşılıqlı tanınır.
İnstitut öz fəaliyyətini AZS ISO/IEC 17025 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” və AZS ISO/IEC 17020 “Uyğunluğun qiymətləndirilməsi - İnspeksiya həyata keçirən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” standartlarının tələblərinə uyğunlaşdırıb.
AzMİ olaraq əsas hədəfimiz ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak edərək ölkəmizdə aparılan bütün ölçmələrin tələb olunan dəqiqliyini təmin etməkdir, çünki dəqiq ölçmələr – keyfiyyətin, dünya bazarında məhsulların rəqabətədavamlılığının və təhlükəsizliyinin əsasıdır.