Nizamnamə
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi (bundan sonra – İnstitut) “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanına əsasən yaradılmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 10-cu hissəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra – Xidmət) strukturuna daxil olmayan tabeliyindəki qurumdur. İnstitut publik hüquqi şəxsdir və Azərbaycan Respublikasının metrologiya qurumu olaraq bu Nizamnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərir.
1.2. İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında” Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) qərarlarını, Nazirliyin və Xidmətin əmr və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.
1.3. İnstitut öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. İnstitut ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. İnstitut bu Nizamnamə ilə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5. İnstitutun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.6. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq İnstitutun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. İnstitut məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. İnstitutun rəsmi adı aşağıdakı kimidir:
1.7.1. tam halda - “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi;
1.7.2. qısaldılmış halda - “Azərbaycan Metrologiya İnstitutu” PHŞ;
1.7.3. abreviaturası - “AzMİ”;
1.7.4. ingilis dilində tam adı - “Azerbaijan Metrology Institute” public legal entity;
1.7.5. ingilis dilində qısaldılmış adı – “Azerbaijan Metrology Institute” PLE;
1.7.6. ingilis dilində abreviaturası - “AzMI”.
1.8. İnstitut AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə yaşayış sahəsi, 7-ci Köndələn küçəsi ünvanında yerləşir.
2. İnstitutun fəaliyyət istiqamətləri
2.1. İnstitut dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edir və ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətininin həyata keçirilməsində iştirak edir.
2.2. İnstitutun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. öz səlahiyyətləri daxilində ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimlənməsinin (dövlət metroloji nəzarəti istisna olunmaqla) həyata keçirilməsi;
2.2.2. dövlət büdcəsinin vəsaiti hesabına dövlət kəmiyyət vahidi etalonlarının əldə edilməsi (yaradılması), qorunub saxlanılması, tutuşdurulması və kəmiyyət vahidlərinin dövlət etalonlarından ötürülməsi;
2.2.3. müqavilə əsasında ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işlərinin aparılması, yoxlama haqqında şəhadətnamələrin və kalibrlənmə haqqında sertifikatların verilməsi, habelə yoxlama nişanının vurulması;
2.2.4. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində Azərbaycan Respublikası adından beynəlxalq, regional və dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi;
2.2.5. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində elmi-texniki, tətbiqi, eksperimental fəaliyyətin həyata keçirilməsi, istiqamətləndirilmiş proqramların yaradılması və tətbiq edilməsi;
2.2.6. elmi cəhətdən əsaslandırılmış və mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla texniki normativ hüquqi aktların və digər hüquqi aktların layihələrinin hazırlanması;
2.2.7. istehsalın, ticarət və xidmət sahələrinin metroloji təminatında hüquqi və fiziki şəxslərə elmi-metodiki köməkliyin göstərilməsi;
2.2.8. ölçmələrin vəhdətinin təmin olunması sahəsində mütəxəssislərin hazırlanması məqsədi ilə təlim və tədris tədbirlərinin təşkili;
2.2.9. ölçmələrin vəhdətinin təmin olunması sahəsində elmi-praktiki konfransların, simpoziumların, seminarların, yığıncaqların və görüşlərin təşkili;
3. İnstitutun vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, İnstitutun vəzifələri aşağıdakılardır:
3.1.1. dövlət etalonları bazasını formalaşdırmaq və inkişaf etdirmək;
3.1.2. dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin etmək;
3.1.3. dövlət kəmiyyət vahidləri etalonlarının texniki tələblərə əsasən qorunub saxlanmasını təmin etmək;
3.1.4. sahələr üzrə zəruri olan yeni dövlət kəmiyyət vahidi etalonları laboratoriyalarını yaratmaq;
3.1.5. milli etalonların beynəlxalq və regional təşkilatlar çərçivəsində tutuşdurulmasını təmin etmək;
3.1.6. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və İnstitutun səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.7. ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqlar keçirmək;
3.1.8. ölçmə vasitələrinin yoxlanılmasını və kalibrlənməsini həyata keçirmək;
3.1.9. ölçmə vasitələrinin yoxlama metodikalarının attestasiyasını həyata keçirmək;
3.1.10. metroloji ekspertizanı həyata keçirmək;
3.1.11. müraciət əsasında istehsalın, ticarət və xidmət sahələrinin metroloji təminatında hüquqi və fiziki şəxslərə elmi-metodiki köməklik göstərmək;
3.1.12. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.13. müvafiq sahədə aşkar etdiyi hüquq pozuntuları, o cümlədən inzibati xəta və ya cinayət əməllərinin əlamətləri barədə aidiyyəti üzrə məlumat vermək;
3.1.14. İnstitutun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.16. müvafiq sahə üzrə qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflər vermək, normativ və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq və Xidmətə təqdim etmək;
3.1.17. müvafiq sahədə müvafiq sahədə normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflərin Xidmətə təqdim olunmasını təmin etmək, habelə müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.18. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada texniki normativ hüquqi aktların layihələrini hazırlamaq, metrologiya sahəsinə aid məsələlərə münasibət bildirmək;
3.1.19. ölkə ərazisində ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində vəziyyəti təhlil etmək və təhlilin nəticələri ilə bağlı təkliflər hazırlamaq;
3.1.20. İnstituta ayrılan büdcə vəsaitindən, göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitdən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.21. İnstitutun illik fəaliyyət planlarını hazırlamaq, onların icrasını təmin etmək, habelə fəaliyyəti ilə bağlı arayış və hesabatları Xidmətə təqdim etmək;
3.1.22. Xidmət tərəfindən verilən əmr və tapşırıqları icra etmək;
3.1.23. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq sahə üzrə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.24. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
3.1.25. İnstitutun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün, əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi tədbirlər görmək;
3.1.26. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.27. fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi, Nazirliyin və Xidmətin normativ sənədləri, habelə bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün İnstitutun aşağıdakı hüquqları vardır:
3.2.1. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.2. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;
3.2.3. Azərbaycan Respublikasının ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.4. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.5. dövlət orqanları və qurumlarının, yerli özünü idarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin ölçmələrin vəhdətinin təmin edilməsi sahəsi üzrə fəaliyyətini əlaqələndirmək;
3.2.6. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi şirkətləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.8. fəaliyyət istiqamətləri üzrə Xidmətə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.10. əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi ilə bağlı Xidmətə təkliflər vermək;
3.2.11. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və onlarda iştirak etmək;
3.2.12. fəaliyyəti ilə bağlı müxtəlif metodik vəsaitlər, jurnal, bülleten hazırlamaq və bu materialları təqdim etmək və ya dərc etmək;
3.2.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.2.14. fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi, Nazirliyin və Xidmətin normativ sənədləri, habelə bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. İnstitutun idarə olunması
4.1. İnstitutun idarəetmə orqanları Müşahidə Şurası (bundan sonra- Şura) və Baş direktordur.
4.2. Şura İnstituta ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura 3 üzvdən – iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Şuranın sədrindən və onun 2 müavinindən ibarətdir.
4.3. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
4.4. Şura qərar qəbul etməkdə müstəqildir.
4.5. İnstitutda ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilik Şurası yaradıla bilər.
4.6. “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının 5-ci hissəsinə əsasən İnstitutun təsisçisinin səlahiyyətlərini Nazirlik həyata keçirir.
4.7. Təsisçinin səlahiyyətləri aşağıdakılardır:
4.7.1. İnstitutun nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.7.2. İnstitutun strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin), ştat cədvəlinin, xərclər smetasının təsdiqi;
4.7.3. İnstitutun yenidən təşkili və ləğv edilməsi, idarəetmə orqanlarının yaradılması;
4.7.4. İnstitutun idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.7.5. İnstitutun strateji məqsəd və planlarının, inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;
4.7.6. İnstitutun təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
4.7.7. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi;
4.7.8. bu Nizamnamənin 5.4-cü və 5.5-ci bəndlərində nəzərdə tutulan vəsaitin istifadə olunmasına dair qərar qəbul edilməsi.
4.8. bu Nizamnamənin 4.7.1-4.7.4-cü yarımbəndlərində qeyd edilən təsisçi səlahiyyətləri Nazirlik, 4.7.5-4.7.8-ci yarımbəndlərində qeyd edilən təsisçi səlahiyyətləri isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən Xidmət tərəfindən həyata keçirilir.
4.9. Şuranın vəzifələri aşağıdakılardır:
4.9.1. təsisçinin bu Nizamnamənin 4.7.1-4.7.4-cü yarımbəndlərində qeyd olunan səlahiyyətlərinin həyata keçirilməsi üçün Xidmət vasitəsilə Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən İnstitutun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.9.2. Xidmətlə razılaşdırmaqla İnstitutun illik büdcəsini təsdiq etmək;
4.9.3. İnstitutun fəaliyyətinə nəzarət etmək;
4.9.4. Xidmətlə razılaşdırmaqla İnstitutun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak etmək, idarə, filial və nümayəndəliklərin yaradılması barədə qərar qəbul etmək;
4.9.5. Xidmətlə razılaşdırmaqla İnstitutun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyən etmək;
4.9.6. Xidmətlə razılaşdırmaqla xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə İnstituta aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanması haqqında qərar qəbul etmək;
4.9.7. İnstitutun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunmasının qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Xidmətlə razılaşdırmaqla təsdiq etmək;
4.9.8. İcra orqanının fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
4.9.9. İnstitutun fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.9.10. Şura üzvlərinin və icra orqanının müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.9.11. İnstitutun illik maliyyə hesabatlarının düzgünlüyünün müvafiq beynəlxalq audit standartlarına uyğun olaraq yoxlanılması üçün hər il əmlak mənafeləri ilə İnstituta, Nazirliyə və ya Xidmətə bağlılığı olmayan peşəkar auditor cəlb etmək (kənar auditor) və audit hesabatını qəbul etmək;
4.9.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbir görmək.
4.10. Şuranın sədri rübdə bir dəfədən az olmayaraq Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya Baş direktor çıxış edir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.11. Şuranın üzvlərinə, habelə icra orqanının rəhbərinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.12. Şuranın iclasında icra orqanının rəhbəri də iştirak edə bilər.
4.13. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.14. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.15. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək icra orqanının rəhbərinə göndərir.
4.16. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
4.17. Şuranın katibi:
4.17.1. Şuranın iclaslarını təşkil edir;
4.17.2. bu Nizamnamənin 4.10-cu bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;
4.17.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;
4.17.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;
4.17.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
4.18. Şuranın sədri:
4.18.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və Qurumun icra orqanlarının vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.18.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
4.18.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya icra orqanı rəhbərinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
4.18.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.19. Şura sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şura sədrinin müavini (müavinlərindən biri), Şura sədrinin müavini olmadıqda isə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
4.20. Şuranın üzvləri:
4.20.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.20.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;
4.20.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.20.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;
4.20.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.21. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.22. Baş direktor:
4.22.1. İnstitutun fəaliyyətini təşkil edir, cari fəaliyyətinə rəhbərlik edir, vəkalətnamə olmadan İnstitutun adından öz səlahiyyəti daxilində çıxış edir, vəkalətnamələr və etibarnamələr verir, müvəkkil banklarda İnstitutun istənilən növ bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam verir, İnstitutu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir;
4.22.2. İnstitutun fəaliyyətinin əsas istiqamətlərinin və inkişaf strategiyasının müəyyən edilməsi və onların icrasına dair plan və hesabatların təsdiq edilməsi üçün Xidmətə təkliflər verir;
4.22.3. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır;
4.22.4. aidiyyəti şəxslə dəyəri İnstitutun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
4.22.5. bu Nizamnamənin 3.1.17-ci yarımbəndində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;
4.22.6. İnstitutun illik iş planını, aralıq maliyyə hesabatlarını, aralıq mühasibat balanslarını, gəlir, xərc və kapital xərclərini müəyyən edən dövri hesabatları təsdiq edilməsi üçün Xidmətə təqdim edir;
4.22.7. İnstitutun fəaliyyətinin təşkili ilə əlaqədar sərəncam və əmrlər verir, qərarlar qəbul edir;
4.22.8. müavinləri arasında vəzifə və iş bölgüsü aparır, onların, habelə İnstitutun digər vəzifəli şəxslərinin funksional vəzifələrini (səlahiyyətlərini) müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
4.22.9. fəaliyyət istiqaməti ilə bağlı verilmiş əmr, göstəriş və tapşırıqların yerinə yetirilməsi, cavabdeh şəxslər tərəfindən sənədlərin icra prosesinin vaxtında və kargüzarlığın tələblərinə uyğun icra edilməsinə nəzarət edir, struktur vahidlərinə əməli köməklik göstərir, əməkdaşların icra intizamına operativ nəzarəti həyata keçirir, zərurət yarandığı halda isə bu bənddə qeyd edilən sahələrə nəzarəti İnstitutun aidiyyəti vəzifəli şəxsinə əmrlə həvalə edir;
4.22.10. İnstitutun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.22.11. özünün və İnstitutun struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.22.12. təsdiq edilməsi üçün Institutun strukturu, ştat cədvəli, habelə illik büdcəsi barədə aidiyyəti üzrə təkliflər verir;
4.22.13. İnstitutun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
4.22.14. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, İnstitutun struktur bölmələri, regional ərazi idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin rəhbərlərini Xidmətlə razılaşdırmaqla, İnstitutun digər işçilərini isə (baş direktorun müavinləri istisna olmaqla) birbaşa vəzifəyə təyin və vəzifədən azad edir, təyin etdiyi işçilər barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
4.22.15. İnstitutun əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.22.16. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində İnstitutun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.22.17. bu Nizamnamənin 4.7.7-ci yarımbəndinin tələblərini nəzərə almaqla, dəyəri 25 000 (iyirmi beş min) manata (vergilər də daxil olmaqla) bərabər və ya yuxarı olan tək və ya mahiyyət etibarilə eyni predmetə aid silsilə müqavilələri, ümumi çərçivə müqavilələri, habelə maliyyə öhdəlikləri yarada bilən hər hansı digər sənədləri razılıq üçün Xidmətə tədqim edir;
4.22.18. bu Nizamnamənin 4.7.7-ci yarımbəndinin tələblərini nəzərə almaqla, dəyəri 25 000 (iyirmi beş min) manata (vergilər də daxil olmaqla) bərabər və ya yuxarı olan və ya İnstitutun işgüzar nüfuzuna zərər gətirə bilən hər hansı məhkəmə iddiaları ilə bağlı iddianın qaldırılması, iddianın etiraf edilməsi və (və ya) barışıq sazişinin bağlanmasına razılıq üçün Xidmətə təqdim edir;
4.22.19. Xidmətin əmr və sərəncamlarını vaxtında və lazımi qaydada icra edir, cari və operativ məsələlər barədə Xidməti məlumatlandırır;
4.22.20. İnstitutun strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;
4.22.21. bu Nizamnamənin 3.1.20-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
4.22.22. bu Nizamnamədə nəzərdə tutulmuş məsələlərin həlli üçün səlahiyyətləri daxilində tədbirlər görür;
4.22.23. Nazirliyin, Xidmətin və Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir;
4.22.24. İnstitutun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.22.25. İnstitutun kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.22.26. İnstitutda vətəndaşların qəbulunu və müraciətlərə baxılmanı təmin edir.
4.23. İnstitutun baş direktoru və onun müavinləri Xidmətin təqdimatı ilə Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
4.24. Baş direktor müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini (müavinlərindən biri) icra edir.
4.25. Baş direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5. İnstitutun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. İnstitutun nizamnamə fondu “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının 1.6-cı bəndinə uyğun verilən əmlak hesabına formalaşır və 3122432,6 (üç milyon yüz iyirmi iki min dörd yüz otuz iki manat altmış qəpik) manatdır (456357,38 manat pul, 2666075,22 manat əmlak şəklində).
5.2. İnstitutun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3. İnstitut öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. İnstitutun balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. İnstitut tərəfindən özünün, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsaitin (qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra) sərəncamında qalan hissəsi ilk növbədə onun fəaliyyətinin, o cümlədən işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsinə istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”nın 3.5-ci bəndinə əsasən qeyd olunan xərclər maliyyələşdirildikdən sonra qalan vəsaitin 40 faizədək olan məbləği həmin Qaydanın 3.3.1-ci və 3.3.2-ci yarımbəndlərində nəzərdə tutulmuş məqsədlər üçün, 10 faizədək olan məbləği həmin Qaydanın 3.3.3-cü, 3.3.4-cü yarımbəndlərinin və 3.4-cü bəndinin maliyyələşdirilməsinə yönəldilir.
5.5. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanına əsasən İnstitutun, onun filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş xalis mənfəətin sərəncamında qalan hissəsinin 50 faiz məbləğinin 93 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını yaxşılaşdırmaq, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə, habelə dövlət və ictimai məqsədli məsələlərlə əlaqədar Nazirliyin hesabına, 7 faizi dövlət büdcəsinə köçürülür.
5.6. İnstitutun dövlət ilkin kəmiyyət vahidi etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə görə xidmət haqqının məbləği “Dövlət ilkin kəmiyyət vahidi etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə görə xidmət haqqının məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 437 nömrəli qərarı ilə tənzimlənir. İnstitutun digər işlərinin və xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.
6. İnstitutun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. İnstitutun fəaliyyətinə nəzarəti Xidmət, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İnstitutun idarəetmə orqanları həyata keçirirlər.
6.2. İnstitutun fəaliyyətinə dair illik hesabat Xidmətə təqdim edilir.
7. İnstitutda uçot və hesabat
7.1. İnstitut “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər aidiyyəti qanunvericiliklə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat və vergi uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. İnstitut “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3. İnstitut filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. İnstitutun illik maliyyə hesabatının təkrar və ya növbədənkənar auditor yoxlaması Xidmətin tələbi ilə aparıla bilər.
7.5. İnstitutun fəaliyyətinin audit yoxlamalarının aparılması qaydası qanunvericilik əsasında müəyyənləşdirilir.
7.6. İnstitutun maliyyə ili 1 yanvar tarixindən 31 dekabr tarixinədək olan dövrü əhatə edir.
8. İnstitutun ləğvi və yenidən təşkili
İnstitutun ləğvini və yenidən təşkilini Nazirlik həyata keçirir.
9. Digər şərtlər
9.1. Bu Nizamnamə ilə tənzimlənməyən və İnstitutun fəaliyyəti ilə əlaqədar olan bütün digər məsələlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
9.2. Bu Nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müvafiq müddəaları tətbiq edilir.