Standart nümunələrin dövlət reyestri
Ümumi məlumat
Standart nümunələrin və ya ölçmə vasitələrinin (ÖV) Tipinin Təsdiq edilməsi – tipin təsdiqi məqsədi ilə keçirilən sınaqların nəticələri əsasında, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin metroloji və texniki tələblərə uyğunluğu barədə qərarın qəbulu deməkdir.
Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə qərar bu məqsədlə keçirilən sınaqların müsbət nəticələri əsasında qəbul edilir. Tip təsdiq edilərkən, onların dəqiqlik göstəriciləri, yoxlamalararası interval və yoxlama metodikası müəyyən edilir. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipi verilən sertifikatla təsdiqlənir.
Tipi təsdiq edilmiş standart nümunələr və ölçmə vasitələri, dövlət reyestrinə daxil edilir. Dövlət reyestrinin qeydiyyatı qanunvericiliyə uyğun qaydada müəyyən edilir.
Sertifikatın müddəti 5 ildir.
Standart nümunələrin və ya ölçmə vasitələrinin Dövlət Reyestri - respublikada istehsal edilmiş və dövlət qəbul sınağından keçirilərək, tipi təsdiq edilmiş, həmçinin xaricdən partiyalarla və ya tək-tək gətirilmiş və təsdiq olunmuş tipə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə metroloji ekspertizadan keçirilərək, respublika ərazisində istifadəsinə icazə verilən standart nümunələrin və ya ölçmə vasitələrinin qeydiyyatını aparmaq üçün nəzərdə tutulmuşdur.
Tipi təsdiq olunmuş standart nümunələrin və ya ölçmə vasitələri haqqında məlumat mərkəzləşdirilmiş məlumat fonduna daxil edilir, həmçinin “Azərbaycan Metrologiya İnstitutu” Publik Hüquqi Şəxsinin rəsmi internet səhifəsində yayımlanır.
Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədi ilə fiziki və hüquqi şəxslər Azərbaycan Metrologiya İnstitutuna ərizə ilə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
- Standart nümunənin və ya ölçmə vasitəsinin pasportu, istismar sənədləri, istehsalçı müəssisənin sənədlər dəsti
- İstehsalçı və ya digər xarici ölkənin dövlət qurumu tərəfindən verilən, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi haqqında sertifikat (olduqda)
- Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsviri (1 və 2 nömrəli əlavələr)
- Standart nümunənin və ölçmə vasitəsinin yoxlama metodikası