Azərbaycan Metrologiya İnstitutu keyfiyyəti idarəetmə sistemlərinin inkişafı və qiymətləndirilməsi fəaliyytində iştirak edəcək.
04.07.2024Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi Azər Qurbanov Avrasiya Ölkələri Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) vitse-prezidenti seçilərək “keyfiyyəti idarəetmə sistemlərinin inkişafı və qiymətləndirilməsi" sahəsi üzrə əməkdaşlıq istiqamətində fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, AzMİ COOMET regional metrologiya təşkilatında 2007-ci ildən ölkəmizi təmsil edir. İnstitut Təşkilatla fiziki kəmiyyət vahidi etalonları, qanunverici metrologiya, keyfiyyəti idarəetmə sistemləri, təlim və informasiya mübadiləsi istiqamətləri üzrə əməkdaşlıq həyata keçirir.
COOMET-də Azərbaycan, Türkiyə, Almaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Çin, Gürcüstan, Kuba, Moldova, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Slovakiya və Tacikistanın milli metrologiya qurumları təmsil olunur.
Göstərilən platformalarda paylaş: