20 May - Ümumdünya Metrologiya Günü
19.05.2025Hər il may ayının 20-də Ümumdünya Metrologiya Günü qeyd olunur. Bu əlamətdar tarixin qeyd olunmasında əsas məqsəd dəqiq və etibarlı ölçmələrin cəmiyyət üçün strateji əhəmiyyətini diqqətə çatdırmaqdır.
Belə ki, 1875-ci il may ayının 20-də metrologiya sahəsində beynəlxalq əməkdaşlığın əsasını qoyan Metrik Konvensiya imzalanıb. Sözügedən konvensiya elmi tədqiqatlar, innovasiyalar, sənaye, beynəlxalq ticarət, insanların həyat keyfiyyətinin yüksəldilməsi və ətraf mühitin qorunması üçün vacib olan qlobal ölçmə sistemini formalaşdırıb.
Bu il Ümumdünya Metrologiya Günü xüsusilə əlamətdar hesab edilir. Belə ki, 2025-ci ildə həm də Metrik Konvensiyanın 150 illik yubileyi qeyd olunur.
Builki tədbirin devizi isə “Ölçmələr bütün zamanlar, bütün xalqlar üçün” adlandırılıb. Deviz Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilat (OIML) tərəfindən müəyyən edilib.
Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ölkəmizdə metrologiya sahəsinin inkişafı, müasir metodların tətbiqi, eləcə də beynəlxalq standartlara uyğunluğun təmin olunması istiqamətində fəaliyyətini uğurla davam etdirir. AzMİ beynəlxalq tutuşdurmalarda fəal iştirak edərək ölçmələrin dəqiqliyini və etibarlılığını təmin edir, həmçinin ölkənin elm və texnologiya, sənaye, ticarət və digər sahələrdə inkişafına töhfə verir.
Bu istiqamətdə ölkədə etalon bazasının müasirləşdirilməsi və təkmilləşdirilməsi, o cümlədən dövrün tələblərinə cavab verən texnologiyaların tətbiqi, peşəkar metroloqların hazırlanması və bu sahənin modernləşdirilməsi üzrə tədbirlər həyata keçirilir.
20 May - Ümumdünya Metrologiya Günü münasibətilə AzMİ əməkdaşları başda olmaqla, metrologiya sahəsində çalışan bütün mütəxəssisləri və tərəfdaş qurumları təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar arzulayırıq.
Göstərilən platformalarda paylaş: