/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşları EURAMET-in Texniki Komitəsinin iclasında təqdimatlarla çıxış ediblər

17.09.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşı Şəbnəm Seyidova Estoniya Respublikasının Tallin şəhərində keçirilən Avropa Milli Metrologiya İnstitutları Assosiasiyasının (EURAMET) Kütlə və əlaqəli kəmiyyətlər üzrə Texniki Komitəsinin (TC-M) illik iclasında iştirak edib.

İclas çərçivəsində Texniki Komitənin strateji fəaliyyəti, o cümlədən sıxlıq və özlülük, qüvvə və burucu moment, təzyiq, kütlə, qravitasiya və sərtlik üzrə alt-komitələrin, habelə rəqəmsallaşma və dinamik ölçmələr üzrə işçi qrupların fəaliyyət hesabatları müzakirə olunub. Kütlə sahəsində aparılan beynəlxalq müqayisələr, ölçmə təlimatlarının yenilənməsi və sahənin texniki yol xəritəsi, eləcə də rəqəmsal kalibrlənmə sertifikatları istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Eyni zamanda, digər regional metrologiya təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Tədbirdə təqdimatla çıxış edən Ş.Seyidova AzMİ-nin kütlə və əlaqəli kəmiyyətlər sahəsindəki fəaliyyəti, kütlə, təzyiq, sıxlıq, kinematik özlülük, həcm, qüvvə və sərtlik üzrə fəaliyyət göstərən laboratoriyaların etalon bazası, kalibrlənmə və ölçmə imkanları (CMC), beynəlxalq müqayisə ölçmələrindəki iştirakı, habelə qarşıdakı dövr üçün nəzərdə tutulan inkişaf istiqamətləri barədə ətraflı məlumat verib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası istiqamətində həyata keçirilən layihə çərçivəsində yaradılmış Qüvvə və Sərtlik ölçmələri laboratoriyalarının etalon qurğuları, ölçmə diapazonları və ölçmələrin izləniləbilənliyinin təmin edilməsi qaydası ətraflı izah olunub.

Təqdimatda “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişi (CIPM MRA) çərçivəsində görülən işlər, habelə ölkəmizin cari ildə Metrik Konvensiyaya qoşulması və Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda (BIPM) üzv dövlət statusu qazanmasının beynəlxalq metrologiya sistemindəki önəmi diqqətə çatdırılıb.

Bundan əlavə, Azərbaycan Metrologiya İnstitutunun əməkdaşı Bahar Həsənova sözügedən tədbirdə onlayn formatda "Azərbaycanda sıxlıq və kinematik özlülük ölçmələri" mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı AzMİ-nin Fiziki-kimyəvi ölçmələr laboratoriyasının fəaliyyəti, kalibrlənmə və ölçmə imkanları (CMC), o cümlədən dövlət sıxlıq və özlülük kəmiyyət vahidləri etalonları barədə məlumat verilib.

AzMİ əməkdaşları EURAMET-in Texniki Komitəsinin iclasında təqdimatlarla çıxış ediblər
AzMİ əməkdaşları EURAMET-in Texniki Komitəsinin iclasında təqdimatlarla çıxış ediblər
AzMİ əməkdaşları EURAMET-in Texniki Komitəsinin iclasında təqdimatlarla çıxış ediblər
AzMİ əməkdaşları EURAMET-in Texniki Komitəsinin iclasında təqdimatlarla çıxış ediblər