Azərbaycan Metrologiya İnstitutu 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə iştirak edir
19.06.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) 18 iyun 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində öz işinə başlayan 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə iştirak edir.
Sərgi çərçivəsində AzMİ-yə ayrılmış stenddə İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalarda təqdim olunan xidmətlər, eləcə də laboratoriyalarda quraşdırılmış cihaz və avadanlıqlar barədə ziyarətçilərə ətraflı məlumat verilir. Bundan əlavə, stenddə müasir ölçmə vasitələrilə yanaşı, tarixi əhəmiyyət daşıyan və əvvəlki nəsil cihazlar da nümayiş etdirilir.
Sözügedən sərgi yerli şirkətlərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də beynəlxalq standartlara uyğun fəaliyyətin təşkili üçün metroloji xidmətlərdən istifadənin önəmini vurğulamaq baxımından mühüm əhəmiyyətə malikdir.
Qeyd edək ki, sərgi 21 iyun 2025-ci il tarixinədək davam edəcək.
AzMİ metrologiya sahəsi ilə bağlı sahibkarların məlumatlılığının artırılması, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi istiqamətində təşəbbüslərini davam etdirəcək.
Göstərilən platformalarda paylaş: