/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ Çəkilər və Ölçülər üzrə Baş Konfransın iclasında iştirak edib

06.11.2026

Baş Konfransda beynəlxalq metrologiyanın gələcək inkişaf modelinə dair institusional, elmi və rəqəmsal istiqamətlər üzrə mühüm qətnamələr qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov Fransa Respublikasının Paris şəhərində keçirilən Çəkilər və Ölçülər üzrə Baş Konfransın (CGPM) 28-ci iclasında iştirak edib.

Tədbirə Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda (BIPM) üzv dövlət statusuna malik olan ölkələrin metrologiya qurumlarının, eləcə də digər beynəlxalq və regional metrologiya təşkilatlarının nümayəndələri qatılıblar.

Baş Konfransın əsas istiqaməti beynəlxalq metrologiyanın 2028-2031-ci illər üçün institusional, elmi və rəqəmsal inkişaf modelinin müəyyənləşdirilməsi olub. İclasda həmçinin biotexnologiya və kvant texnologiyaları kimi yeni sahələrin metroloji ehtiyacları müzakirə edilib.

Tədbir çərçivəsində BIPM-in 2028-2031-ci illər üzrə iş proqramı, maliyyə çərçivəsi və dotasiyası, Metrik Konvensiyaya qoşulmanı asanlaşdıran yeni “Müşahidəçi” kateqoriyasının yaradılması, metrologiyanın qlobal rəqəmsal transformasiyası, o cümlədən etimad infrastrukturunun formalaşdırılması, saniyənin gələcək tərifinə dair elmi hazırlıq prosesi, Koordinasiyalı Universal Vaxtın (UTC) fasiləsiz zaman şkalasına keçirilməsi, Ay missiyaları üçün beynəlxalq istinad zaman şkalasının yaradılması, eləcə də CGPM-in yeni idarəetmə və prosedur qaydalarının (Rules of Procedure) qüvvəyə minməsi ilə bağlı qətnamələr qəbul olunub.

Eyni zamanda iclasda BIPM-in, Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin (CIPM), Vaxt və Tezlik üzrə Məşvərət Komitəsinin (CCTF) rəhbərləri strateji inkişaf istiqamətləri və zaman metrologiyası sahəsindəki yeniliklər barədə təqdimatlarla çıxış ediblər.

Səfər çərçivəsində həmçinin Almaniya, Çin, Fransa, Koreya, Niderland, Polşa və digər ölkələrin nümayəndələri ilə görüşlər keçirilib, gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd: Çəkilər və Ölçülər üzrə Baş Konfrans (CGPM) 1875-ci il Metrik Konvensiyasına əsasən yaradılmış Beynəlxalq Vahidlər Sisteminin (SI) və qlobal metrologiya infrastrukturunun inkişafı üzrə ən yüksək qərarverici orqandır. Konfransda Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) strateji fəaliyyət istiqamətləri və büdcəsi, habelə onun rəhbər orqanı olan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin (CIPM) tərkibi müəyyənləşdirilir. Ölkəmiz 17 avqust 2026-cı ildən BIPM-də üzv dövlət statusu əldə edib. Bu status Azərbaycana CGPM-də iştirak və səsvermə hüququ verir. Sözügedən təşkilatda ölkəmizi Azərbaycan Metrologiya İnstitutu təmsil edir.

AzMİ Çəkilər və Ölçülər üzrə Baş Konfransın iclasında iştirak edib
AzMİ Çəkilər və Ölçülər üzrə Baş Konfransın iclasında iştirak edib
AzMİ Çəkilər və Ölçülər üzrə Baş Konfransın iclasında iştirak edib
AzMİ Çəkilər və Ölçülər üzrə Baş Konfransın iclasında iştirak edib
AzMİ Çəkilər və Ölçülər üzrə Baş Konfransın iclasında iştirak edib
AzMİ Çəkilər və Ölçülər üzrə Baş Konfransın iclasında iştirak edib