Azərbaycan Metrologiya İnstitutunda Daşkənd Dövlət Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilib
08.01.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Daşkənd Dövlət Texniki Universitetinin “Metrologiya, texniki tənzimləmə, standartlaşdırma və sertifikatlaşdırma” kafedrasının professor-müəllim heyəti ilə görüş keçirilib. Görüşdə həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları da iştirak ediblər.
Görüş zamanı AzMİ-nin fəaliyyət istiqamətləri, icra olunan layihələr, mövcud əməkdaşlıqlar və laboratoriya infrastrukturu barədə ətraflı məlumat verilib. Bu xüsusda AzMİ-nin yeni istifadəyə verilən fotometrik, dalğa uzunluğu, xətti-bucaq, sərtlik, qüvvə, elektromaqnit çirklənmələri və ilkin nəmlik ölçmələri laboratoriyaları haqqında videoçarx nümayiş etdirilib.
Görüş çərçivəsində birgə elmi-tədqiqat işlərinin aparılması, elmi məqalələrin hazırlanması, metrologiya sahəsi üzrə dərs vəsaitləri və kitabların yazılması, habelə tərcümə edilməsi, həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Bundan əlavə, Azərbaycan–Özbəkistan İnvestisiya Fondunun təhsil qrantına müraciət edilməsi məqsədilə görülə biləcək işlər nəzərdən keçirilib.
Sonda qonaqlar AzMİ-nin tibb, müqavimət, qüvvə, vaxt və tezlik, fotometrik və ilkin nəmlik ölçmələri laboratoriyaları ilə tanış olublar.
Göstərilən platformalarda paylaş: