Azərbaycan Metrologiya İnstitutunda Qazax Milli Tədqiqat Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilib
24.09.2024Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Qazaxıstanın K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə sözügedən universitetin Energetika və Maşınqayırma İnstitutunun direktoru Yelemesov Qasım Koptleueviç və direktor müavini Baskanbaeva Dinara Cumabaevna, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri iştirak ediblər.
Görüş zamanı AzMİ və ADNSU arasında birgə layihə çərçivəsində yaradılan “AzMİ Akademiya”nın fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, sözügedən Akademiyada bakalavr, magistratura, doktorantura/dissertantura pilləsində təhsilalanların, ölçmələr üzrə elmi tədqiqatçıların AzMİ-nin ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi və sınaq laboratoriyalarında praktiki bacarıqlarının artırılması nəzərdə tutulub.
Həmçinin “AzMİ Akademiya” ilə Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlığın genişləndirilməsi, kadr potensialının gücləndirilməsi, əməkdaşların peşəkarlığının artırılması, eləcə də metrologiya sahəsində Qazaxıstan təcrübəsinin öyrənilməsi məqsədilə qarşılıqlı təlimlərin təşkil edilməsi məsələləri müzakirə edilib.
Bundan əlavə, metrologiya sahəsində birgə elmi-texniki konfrans və seminarların keçirilməsi, o cümlədən elmi-tədqiqat işlərinin aparılması ətrafında fikir mübadiləsi aparılıb.
Göstərilən platformalarda paylaş: