Azərbaycan Metrologiya İnstitutunun əməkdaşı beynəlxalq seminarda iştirak edib
16.10.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Tibb ölçmələri laboratoriyasının əməkdaşı “Milli etalonların və Milli Metrologiya Müsəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Saziş (CIPM MRA) üzrə seminarda iştirak edib.
Seminar Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) tərəfindən təşkil olunan “BIPM–TÜBİTAK UME Layihə Təcrübə Proqramı” çərçivəsində keçirilib.
Tədbirdə ölkəmizlə yanaşı, Albaniya, Bosniya və Herseqovina, Kolumbiya, Malayziya, Misir, Norveç, Özbəkistan, Ukrayna və Vyetnamdan olan gənc metroloqlar iştirak ediblər. Seminar çərçivəsində iştirakçılar həm nəzəri, həm də praktiki biliklərini genişləndirərək CIPM MRA-nın əsas prinsipləri, eləcə də beynəlxalq metrologiya sisteminin əsas mexanizmləri ilə yaxından tanış olublar.
Təlim sessiyaları BIPM-in Beynəlxalq Əlaqələr və Kommunikasiya Departamentinin nümayəndələri Anna Cypionka və Çingiz Kuanbayev, eləcə də TÜBİTAK UME nümayəndəsi Enver Sadıkoğlu tərəfindən aparılıb. Sessiyalar zamanı qlobal keyfiyyət infrastrukturunun əsasları, CIPM MRA və onun beynəlxalq metrologiya sistemində rolu, keyfiyyəti idarəetmə sistemləri (QMS), tutuşdurmalar, kalibrlənmə və ölçmə imkanları (CMC), həmçinin ölçmə qeyri-müəyyənliyinin hesablanması haqqında ətraflı məlumat verilib.
Qeyd: Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) 1875-ci ildə Metrik Konvensiyasının imzalanması nəticəsində yaradılmış beynəlxalq hökumətlərarası təşkilatdır. BIPM-in əsas məqsədi ölçmələrin qlobal səviyyədə vahidliyini və yüksək dəqiqliyini təmin etmək, beynəlxalq vahidlər sisteminin (SI) saxlanılması və inkişafını həyata keçirmək, eləcə də ölçmələr sahəsində elmi və texniki əməkdaşlığın inkişafına şərait yaratmaqdır. Azərbaycan Respublikası 1 yanvar 2015-ci il tarixindən Çəkilər və Ölçülər üzrə Baş Konfransın (CGPM) assosiativ üzvüdür. Sözügedən təşkilatda ölkəmizi Azərbaycan Metrologiya İnstitutu təmsil edir. 28 yanvar 2015-ci ildə AzMİ tərəfindən “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Saziş (CIPM MRA) imzalanıb.
Göstərilən platformalarda paylaş: