Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi COOMET-in tədbirlərində iştirak edib
04.12.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktorunun müavini Azər Qurbanov Özbəkistan Respublikasının Daşkənd şəhərinə işgüzar səfər edib.
Səfər çərçivəsində o, “Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatına (COOMET) üzv ölkələrdə təlim tədbirlərinin təşkili üzrə təcrübə, nailiyyətlər və problemlər” mövzusunda keçirilən konfransda, həmçinin COOMET-in prezident şurası üzvlərinin görüşündə iştirak edib.
Konfransda təlim tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, effektivliyin qiymətləndirilməsi, ehtiyacların müəyyənləşdirilməsi, eləcə də beynəlxalq və regional metrologiya təşkilatlarının təcrübə mübadiləsi proqramlarının rolu müzakirə olunub. Tədbirdə çıxış edən A. Qurbanov Azərbaycan Metrologiya İnstitutunda tətbiq olunan təlim mexanizmləri, “AzMİ Akademiya”nın fəaliyyəti və inkişaf perspektivləri barədə məlumat verib.
Daha sonra COOMET-in prezident şurası üzvlərinin görüşü keçirilib. Görüş zamanı COOMET-in təşkilati strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər, vahid informasiya resursunun istifadəyə verilməsi, milli metrologiya qurumlarında Keyfiyyəti İdarəetmə Sistemlərinin qiymətləndirilməsi proseduru və qaydasına dəyişikliklər, o cümlədən COOMET ilə Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB ölkələrinin Dövlətlərarası Şurası (МГС) arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd: Azərbaycan Metrologiya İnstitutu 2007-ci ildən COOMET-də ölkəmizi həqiqi üzv qismində təmsil edir. Sözügedən təşkilatla əməkdaşlıq fiziki kəmiyyət vahidləri etalonları, qanunverici metrologiya, kalibrlənmə və ölçmə imkanlarının beynəlxalq tanınması üçün tutuşdurmalarda iştirak, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi, texniki komitələrdə fəaliyyət və mütəxəssis hazırlığı istiqamətlərini əhatə edir.
Göstərilən platformalarda paylaş: