AzMİ-də COOMET-in qanunverici metrologiya üzrə Texniki Komitəsinin növbəti iclası keçirilib
05.11.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) “Qanunverici metrologiya” Texniki Komitəsinin 26-cı iclası keçirilib.
Hibrid formatda keçirilən iclasda Beynəlxalq Qanunverici Metrologiya Təşkilatının (OIML) Beynəlxalq Qanunverici Metrologiya Bürosunun (BIML) direktor köməkçisi Ian Dunmill, eləcə də Belarusiya, Bosniya və Hersoqovina, Çin, Qazaxıstan, Qırğızıstan, Rusiya, Slovakiya, Tacikistan və Özbəkistanın sahəvi qurumlarından nümayəndələr iştirak ediblər.
Tədbir çərçivəsində OIML və BIML-in fəaliyyəti, konfrans və illik iclasları, beynəlxalq və regional qanunverici metrologiya təşkilatlarının onlayn tədris platformaları, rəqəmsallaşma fəaliyyəti, nəşrlərinin tərcüməsi, eləcə də Ölçmə Etalonları üzrə Birgə Komitə (JCMS) və COOMET-in Keyfiyyət Forumuna dair tədbirləri barədə təqdimatlar dinlənilib.
İclas zamanı AzMİ-nin baş direktorunun müavini, COOMET-in vitse-prezidenti Azər Qurbanov tərəfindən təşkilata üzv ölkələrdə qanunverici metrologiya sahəsi üzrə təhlillərin aparılması və vahid məlumat bazasının yaradılması ilə bağlı təkliflər irəli sürülüb.
Bundan əlavə, müvafiq sahədə bir sıra sənədlərin, o cümlədən “Qanunverici Metrologiya üzrə Beynəlxalq Terminologiya Lüğətinin (Vocabulary of International Metrology for Legal metrology - VIML) tərcüməsi və tətbiqi məsələləri nəzərdən keçirilib. COOMET-in tövsiyə sənədlərinin yenilənməsi, ölçmə vasitələrinin təkrar yoxlanılma və kalibrlənmə intervallarının müəyyənləşdirilməsi, tipi təsdiq olunmuş ölçmə vasitələrinin reyestrinin yaradılması və yoxlanılma laboratoriyalarının səriştəliliyi də əsas müzakirə mövzuları sırasında yer alıb.
Sonda tədbir iştirakçıları AzMİ-nin etalon laboratoriyalarına baxış keçiriblər. Burada onlara sözügedən laboratoriyaların fəaliyyəti və təqdim olunan xidmətlər barədə ətraflı məlumat verilib.
Qeyd: Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilat (OIML) ölçmə vasitələrinin beynəlxalq səviyyədə uyğunluğunu təmin etmək məqsədilə yaradılmış beynəlxalq hökumətlərarası qurumdur. Azərbaycan Respublikası 2015-ci ildən OIML-də müxbir üzv qismində təmsil olunur. Bu üzvlük ölkəmizə digər dövlətlərlə qanunverici metrologiya sahəsində əməkdaşlıqlar qurmaq, yeni texnologiyalar və ölçmə vasitələrinin uyğunluğunun qiymətləndirilməsi üzrə müasir metodlarla bağlı təcrübə mübadiləsi aparmaq imkanı yaradır.
Göstərilən platformalarda paylaş: