AzMİ-də Finlandiya Ətraf Mühit Mərkəzinin nümayəndələri ilə görüş keçirilib
24.10.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Finlandiya Ətraf Mühit Mərkəzinin (Syke) inkişaf meneceri və baş metroloqu, o cümlədən Milli Metrologiya İnstitutlarının Avropa Assosiasiyasının (European Association of National Metrology Institutes – EURAMET) kimya üzrə Texniki Komitəsinin sədri Teemu Naykki və Syke-nin beynəlxalq əməkdaşlıq layihələri üzrə laboratoriya eksperti Riitta Koivikko ilə görüş təşkil olunub.
Görüş zamanı hər iki qurum fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat təqdim edib. Həmçinin AzMİ-nin laboratoriya infrastrukturu, burada görülən işlər, eləcə də beynəlxalq əməkdaşlıq fəaliyyətlərindən bəhs olunub. Eyni zamanda tərəflər arasında metroloji və ekoloji ölçmələr sahəsində birgə elmi-tədqiqat layihələrinin icrası, təcrübə və məlumat mübadiləsinin təşkili imkanları müzakirə edilib.
Daha sonra AzMİ-nin yeni istifadəyə verilmiş fotometrik, dalğa uzunluğu, xətti-bucaq, sərtlik, qüvvə, elektromaqnit çirklənmələri, ilkin nəmlik ölçmələri, həmçinin vaxt və tezlik, ionlaşdırıcı şüalanma və digər etalon laboratoriyalarına baxış keçirilib. Buradakı ölçmə və kalibrlənmə imkanları, eləcə də istifadə olunan etalon ölçmə vasitələri barədə ətraflı məlumat verilib.
Göstərilən platformalarda paylaş: