AzMİ-də radiotezlik və mikrodalğa laboratoriyasının yaradılması metodlarına dair təlim keçirilib
26.11.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) mütəxəssisi Dr. Erkan Danacı tərəfindən “Yeni radiotezlik və mikrodalğa laboratoriyasının qurulması” mövzusunda təlim təşkil olunub.
“AzMİ Akademiya” çərçivəsində keçirilən təlimdə AzMİ əməkdaşları ilə yanaşı, dövlət qurumları, özəl təşkilatlar və təhsil müəssisələrinin metrologiya sahəsi üzrə fəaliyyət göstərən 16 mütəxəssisi iştirak edib.
Sözügedən təlimin məqsədi ölkədə metrologiya sahəsi ilə əlaqəli müəssisələrdə müvafiq laboratoriyaların yaradılması, onların fəaliyyətinin beynəlxalq tələblərə uyğun təşkili, eləcə də effektiv idarə olunması istiqamətində zəruri bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.
Təlim zamanı radiotezlik və mikrodalğa laboratoriyasının iş mexanizmi, əsas ölçmə istiqamətləri, düzgün infrastruktur seçimi, ölçmə vasitələrinin kalibrlənməsi üzrə optimal həllər, biznesin inkişaf istiqamətləri və müştəri ilə iş proseslərinin təkmilləşdirilməsi barədə ətraflı məlumat verilib.
Sonda təlim iştirakçılarının mövzuyla bağlı sualları cavablandırılıb və praktiki nümunələr əsasında izahlar təqdim olunub.
Göstərilən platformalarda paylaş: