AzMİ əməkdaşı beynəlxalq təcrübə proqramında iştirak edib
28.11.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Tibb ölçmələri laboratoriyasının əməkdaşı Gülçin Yusubova Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) birgə təşkilatçılığı ilə keçirilən “BIPM–TÜBİTAK UME Layihə Təcrübə Proqramı”nda iştirak edib. O, “Əhəmiyyətli tibbi cihazların ölçmə parametrlərinin tədqiqi və ultrasəs gücü standartının müəyyən edilməsi” mövzusunda layihəsi ilə təcrübə proqramına qatılıb.
TÜBİTAK UME-də təşkil olunan proqrama qiymətləndirmə nəticəsində ölkəmizlə yanaşı, Albaniya, Bosniya və Herseqovina, Kolumbiya, Malayziya, Misir, Norveç, Özbəkistan, Ukrayna və Vyetnamdan ümumilikdə 10 iştirakçının layihəsi qəbul olunub.
Proqram zamanı “Ölçmə qeyri-müəyyənliyinin hesablanması”, “Qlobal Keyfiyyət İnfrastrukturunun əsasları”, ““Milli etalonların və Milli Metrologiya Müsəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Saziş (CIPM MRA) çərçivəsində kalibrlənmə və ölçmə imkanları”, “Keyfiyyət İdarəetmə Sisteminə dair tələblər və tutuşdurmalar”, eləcə də “Ultrasəs güc sisteminin iş prinsipi” mövzularında təqdimatlar nümayiş etdirilib.
Bundan əlavə, tibbi cihaz kalibratorları üçün kalibrlənmə və ölçmə sistemləri, ultrasəs gücünün kalibrlənməsi üçün radiasiya qüvvəsi balansı sistemi, defibrilyator sistemlərinin kalibrlənməsi, elektrocərrahi analizatorların kalibrlənməsi və CIPM MRA tələbləri haqqında ətraflı məlumat verilib.
Qeyd: “BIPM - TÜBİTAK UME Layihə Təcrübə Proqramı” 2018-ci ildən etibarən həyata keçirilir və indiyə qədər burada 43 ölkədən 77 tədqiqatçı iştirak edib. Proqramın tətbiqi iştirakçı ölkələrin metrologiya institutları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədini daşıyır.
Göstərilən platformalarda paylaş: