AzMİ əməkdaşı “COOMET-in əməkdar metroloqu” fəxri adına layiq görülüb
19.09.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Temperatur və nəmlik ölçmələri laboratoriyasının müdiri Mehriban Şirinova Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (COOMET) tərəfindən “COOMET-in əməkdar metroloqu” fəxri adına layiq görülüb.
Fəxri ada görə müvafiq diplom və döş nişanı M. Şirinovaya Bakıda keçirilən COOMET-in prezident şurasının 41-ci iclası çərçivəsində sözügedən təşkilatın prezidenti Lazizbek Saidoripov tərəfindən təqdim edilib.
Məlumat üçün bildirək ki, “COOMET-in əməkdar metroloqu” fəxri adı COOMET-ə üzv ölkələrin təşkilatlarında azı 5 il çalışan mütəxəssislərə verilir. Bu fəxri ad onların təşkilatın fəaliyyətinə və metrologiya sahəsinə qatdıqları şəxsi töhfələrə, habelə əməkdaşlıqların qurulmasına və aktual metroloji problemlərin həllinə yönələn tədbirlərə görə təqdim olunur.
Qeyd: Azərbaycan Metrologiya İnstitutu 2007-ci ildən COOMET-də ölkəmizi həqiqi üzv qismində təmsil edir. Sözügedən təşkilatla əməkdaşlıq fiziki kəmiyyət vahidləri etalonları, qanunverici metrologiya, kalibrlənmə və ölçmə imkanlarının beynəlxalq tanınması üçün tutuşdurmalarda iştirak, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi, texniki komitələrdə fəaliyyət və mütəxəssis hazırlığı istiqamətlərini əhatə edir.
Göstərilən platformalarda paylaş: