AzMİ əməkdaşı COOMET-in Keyfiyyət Forumunun sədri seçilib
07.11.2024Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Regional Əməkdaşlığı Təşkilatının (COOMET) Keyfiyyət Forumunun 28-ci iclası keçirilib.
Onlayn formatda keçirilən iclasda Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktorunun müavini Azər Qurbanov Keyfiyyət Forumunun yeni sədri seçilib. Rusiya, Slovakiya, Belarus, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Kubadan olan nümayəndələrin iştirak etdiyi səsvermədə A.Qurbanov ümumi səslərin 83 faizini toplayıb.
İclas çərçivəsində “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişin (Certificate in Investment Performance Measurement Mutual Recognition Arrangement - CIPM MRA) tələblərinin icrası, COOMET-ə üzv ölkələrin milli metrologiya institutlarında kefiyyəti idarəetmə sistemlərinin təkmilləşdirilməsi və gündəlikdə duran digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan Metrologiya İnstitutu COOMET ilə fiziki kəmiyyət vahidi etalonları, qanunverici metrologiya, keyfiyyəti idarəetmə sistemləri, təlim və informasiya mübadiləsi istiqamətlərində əməkdaşlıq edir.
Göstərilən platformalarda paylaş: