AzMİ əməkdaşının layihəsi BIPM və TÜBİTAK tərəfindən yüksək qiymətləndirilib
02.10.2024Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu Türkiyə Respublikasında "Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro” (Bureau International des Poids et Mesures, BIPM) və “Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu” (TÜBİTAK UME) tərəfindən təşkil olunan “BIPM-TÜBİTAK UME Layihə Yerləşdirmələri” proqramında iştirak edir.
Sözügedən təcrübə proqramında ölkəmizi təmsil edən Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşı Şamxal Abbasovun “Vaxt və tezlik ölçmələri. Atom saatlarının müasir texnologiyalarda tətbiqi” mövzusundakı layihəsi təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib.
Məlumat üçün bildirək ki, təcrübə proqramına Azərbaycanla yanaşı Argentina, İndonezya, Efiopya, Kosta-Rika, Keniya, Misir, Özbəkistan, Rusiya və Səudiyyə Ərəbistanından olan 10 iştirakçının layihəsi qiymətləndirmə nəticəsində qəbul edilib.
Üç ay davam edəcək proqram çərçivəsində iştirakçılar BIPM və TUBİTAK UME mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə iştirak edəcəklər, o cümlədən TUBİTAK UME laboratoriyalarından istifadə etməklə layihələri əsasında tədqiqatlar aparacaqlar.
Qeyd edək ki, “BIPM-TÜBİTAK UME Layihə Yerləşdirmələri” təcrübə proqramı iştirakçı ölkələrin metrologiya sahəsində əməkdaşlığını gücləndirmək və bu sahədə yeni layihələrin icrasını təmin etmək məqsədilə təşkil olunub.
Göstərilən platformalarda paylaş: