AzMİ əməkdaşları Özbəkistanda keçirilən tədbirdə iştirak ediblər
20.11.2024Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları Özbəkistan Respublikasında keçirilən Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Regional Əməkdaşlığı Təşkilatının (COOMET) “Termometriya və istilik fizikası” üzrə Texniki Komitəsinin 21-ci iclasında iştirak ediblər.
Hibrid formada keçirilən iclasda ölkəmizlə yanaşı Rusiya, Belarus, Moldova, Qazaxıstan və Özbəkistandan nümayəndələr iştirak ediblər.
İclasda havanın temperaturunun ölçülməsi zamanı qabaqcıl texnologiya və ölçmələrin tətbiqi, nisbi rütubət vahidlərinin standartlarının əlavə tutuşdurmaları, sənaye platin termometrlərin termostatlarda kalibrlənməsi və digər gündəlikdə duran məsələlər müzakirə edilib.
Həmçinin iclas zamanı termometriyada kvant texnologiyasının tətbiqi və COOMET-ə üzv ölkələr üçün tərcümə edilmiş kalibrlənmə təlimatlarının hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Bundan əlavə, AzMİ əməkdaşları ilə Özbəkistan Millli Metrologiya İnstitutunun (UzNIM) nümayəndələri arasında görüş keçirilib. Görüşdə UzNIM və AzMİ arasında təsdiq edilmiş “Yol xəritəsi”nin həyata keçirilməsi üçün müvafiq istiqamətlər üzrə yeni əməkdaşlıqların qurulması, o cümlədən termometriya üzrə ikitərəfli tutuşdurmaların təşkili müzakirə edilib.
Göstərilən platformalarda paylaş: