AzMİ-nin baş direktoru metrologiya üzrə beynəlxalq iclasda iştirak edib
04.11.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov Fransanın Sevr şəhərində keçirilən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) 24-cü iclasında iştirak edib.
İclasa həmçinin Amerika Birləşmiş Ştatları, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya, Çin, Finlandiya, Fransa, Hindistan, Hollandiya, İndoneziya, İspaniya, Kanada, Meksika, Misir, Norveç, Özbəkistan, Qana, Səudiyyə Ərəbistanı, Tayvan, Türkiyə, Yaponiya, Yeni Zelandiya və digər üzv dövlətlərin milli metrologiya qurumlarından nümayəndələr qatılıblar.
İclas zamanı BIPM-in Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitəsinin (CIPM) ötən il ərzindəki fəaliyyəti, habelə Metrik Konvesiyanın imzalanmasının 150 illiyi münasibətilə həyata keçirilən tədbirlər barədə təqdimatlar dinlənilib. Bundan əlavə, metrologiya sahəsində süni intellektin və rəqəmsal texnologiyaların tətbiqi, CIPM-in strategiyasının icra vəziyyəti, beynəlxalq və regional əməkdaşlıqlar, saniyənin yeni metroloji tərifinin müəyyən edilməsi və digər məsələlər müzakirə olunub.
Daha sonra “Elektrik batereyalarının ölçülməsi sahəsində müasir yanaşmalar”, “Ağıllı şəbəkə” (Smart grid) xüsusiyyətləri”, “Metrologiyada süni intellektin tətbiqi”, “Metrologiya və rəqəmsallaşma” mövzularında təqdimatlar nümayiş olunub.
Tədbir çərçivəsində BIPM-ə üzv ölkələr, o cümlədən Türkiyə, Cənubi Koreya, Çin, Polşa və Özbəkistanın nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Qeyd: Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) 1875-ci ildə Metrik Konvensiyasının imzalanması nəticəsində yaradılmış beynəlxalq hökumətlərarası təşkilatdır. Azərbaycan Respublikası 1 yanvar 2015-ci il tarixindən Çəkilər və Ölçülər üzrə Baş Konfransın (CGPM) assosiativ üzvüdür. Sözügedən təşkilatda ölkəmizi Azərbaycan Metrologiya İnstitutu təmsil edir. 28 yanvar 2015-ci ildə AzMİ tərəfindən “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Saziş (CIPM MRA) imzalanıb.
Göstərilən platformalarda paylaş: