AzMİ-nin Həcm ölçmələri laboratoriyası iki beynəlxalq tutuşdurmaya qoşulub
10.08.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Həcm ölçmələri laboratoriyası Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlıq Təşkilatı (COOMET) çərçivəsində iki beynəlxalq tutuşdurmaya qoşulub.
Layihədə Azərbaycan Metrologiya İnstitutu ilə yanaşı, Özbəkistan Milli Metrologiya İnstitutu (UzNIM) və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) iştirak edir.
Tutuşdurmalardan biri 10-100 mikrolitr diapazonlu porşenli həcm ölçü vasitəsi – mikropipetin boşaltdığı həcmin müəyyən edilməsini əhatə edir. Ölçmələr bu tutuşdurma üzrə 20°C temperaturda qravimetrik üsulla həyata keçiriləcək.
Digər tutuşdurma isə 100 ml həcmli şüşə kolbanın tutduğu həcmin müəyyən edilməsini nəzərdə tutur. Bu çərçivədə aidiyyəti laboratoriyalar 20°C temperaturda qravimetrik üsulla ölçmələr apararaq nəticələri müqayisə edəcəklər.
Tutuşdurmalar COOMET.M.FF-S13 və COOMET.M.FF-S14 qeydiyyat nömrələri ilə Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) Əsas Tutuşdurmaların Məlumat Bazasında (KCDB) qeydiyyata alınıb.
Qeyd edək ki, tutuşdurmalar laboratoriyalarda keyfiyyət təminatının gücləndirilməsi, həmçinin ölçmə və kalibrlənmə laboratoriyaları arasında ölçmə nəticələrinin ekvivalentliyinin qiymətləndirilməsi məqsədilə keçirilir.
Göstərilən platformalarda paylaş: