AzMİ-nin Kütlə ölçmələri laboratoriyasında yeni robotlaşdırılmış kütlə komparatorları quraşdırılıb
10.07.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən laboratoriyaların maddi-texniki bazasının təkmilləşdirilməsi və infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası çərçivəsində AzMİ-nin Kütlə ölçmələri laboratoriyasında 3 ədəd müasir robotlaşdırılmış kütlə komparatoru quraşdırılaraq istismara verilib.
Laboratoriyada RMCM 10.5 və RMCM 1000 robotlaşdırılmış kütlə komparatorları, eləcə də AX64004 avtomatlaşdırılmış kütlə komparatoru istifadəyə verilib. RMCM 10.5 robotlaşdırılmış kütlə komparatoru 1 mq-dan 10 q-a qədər ölçmə diapazonunda kiçik nominal kütlələrin yüksək dəqiqliklə kalibrlənməsi üçün nəzərdə tutulub. RMCM 1000 yüksək dəqiqlikli kütlə komparatoru isə 10 q-dan 1 kq-a qədər etalon kütlələrin avtomatlaşdırılmış qaydada kalibrlənməsinə imkan yaradır. Bundan əlavə, AX64004 avtomatlaşdırılmış kütlə komparatoru vasitəsilə 50 kq-a qədər standart kütlələrin, eləcə də 64 kq-a qədər qeyri-standart yüklərin yüksək dəqiqliklə kalibrlənməsi mümkündür.
Sözügedən avadanlıqlarda tətbiq olunan avtomatik robot sistemi ölçmə prosesində insan amilinin təsirini minimuma endirərək nəticələrin təkrarlanmasını, dəqiqliyini və etibarlılığını artırır. Bu isə etalon kütlələrin kalibrlənməsi, müqayisəsi və metroloji izlənməsinin təmin olunmasında mühüm üstünlüklər yaradır.
Qeyd edək ki, yeni kütlə komparatorlarının yüksək metroloji xarakteristikaları Beynəlxalq Qanunverici Metrologiya Təşkilatının (OIML) OIML R111 tövsiyəsinin tələblərinə uyğun olaraq E0, E1, E2, F1 və F2 dəqiqlik siniflərinə aid etalon kütlələrin yoxlanılması və kalibrlənməsini ən yüksək dəqiqliklə həyata keçirməyə imkan verir.
Göstərilən platformalarda paylaş: