AzMİ-nin Qüvvə ölçmələri laboratoriyasında yeni kalibrlənmə imkanları yaradılıb
27.02.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Qüvvə ölçmələri laboratoriyasında qüvvə ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi sahəsində yüksək dəqiqlikli işlərin aparılması məqsədilə yeni cihazlar quraşdırılıb.
Laboratoriyada ümumilikdə 5 ədəd qüvvə etalon cihazı istismara verilib. Onlardan 3-ü ölü yüklü qüvvə etalon cihazlarıdır. Bu qurğular kiçik və orta diapazonlu qüvvə ölçmələrinin yüksək sabitlik və dəqiqliklə həyata keçirilməsini təmin edir. Bu tip cihazlarda qüvvə yerin cazibə qüvvəsinin təsiri altında asılı vəziyyətdə olan kalibrlənmiş ölü yüklər vasitəsilə yaradılır, yoxlanılan və ya kalibrlənən ölçmə vasitəsinə tətbiq olunur.
Bununla yanaşı, laboratoriyada 2 ədəd hidravlik qüvvə etalon cihazı da fəaliyyət göstərir. Paskal qanununa əsaslanan bu sistemlər yüksək qüvvə diapazonlarında ölçmələrin aparılmasına imkan verir. Bu isə iri həcmli yük sensorlarının (load cell) və digər qüvvə ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi üçün mühüm texniki imkan yaradır.
Məlumat üçün bildirək ki, qüvvə etalon cihazları vasitəsilə yük sensorları, dinamometrlər və digər qüvvə ölçmə vasitələrinin metrologiya tələblərinə uyğun olaraq yoxlanılması və kalibrlənməsi həyata keçirilir.
Qeyd edək ki, laboratoriyanın maddi-texniki bazasının gücləndirilməsi sənaye və istehsalat sahələrində istifadə olunan qüvvə ölçmə vasitələrinin dəqiqliyinin artırılmasına, həmçinin ölçmələrin beynəlxalq tələblərə uyğunluğunun təmin edilməsinə xidmət edir.
Göstərilən platformalarda paylaş: