AzMİ-nin Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyası beynəlxalq tutuşdurmada uğurla iştirak edib
19.05.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyası Körfəz Ölkələri Metrologiya Assosiasiyası (GULFMET) çərçivəsində UTC(k) zaman şkalaları fərqinin ölçülməsi üzrə beynəlxalq tutuşdurmada uğurla iştirak edib.
Tutuşdurmada həmçinin Səudiyyə Ərəbistanı Krallığının Standartlaşdırma, Metrologiya və Keyfiyyət Qurumunun Milli Ölçmə və Kalibrlənmə Mərkəzi (SASO-NMCC), Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME), Özbəkistan Milli Metrologiya İnstitutu (UzNIM), Misir Ərəb Respublikasının Milli Metrologiya və Standartlaşdırma İnstitutu (NIS) və Birləşmiş Ərəb Əmirliklərinin Milli Metrologiya İnstitutu (EMI) iştirak edib.
Sözügedən tutuşdurma çərçivəsində “Qlobal Naviqasiya Peyk Sistemi Ümumi baxış” (GNSS CV) metodu tətbiq edilməklə UTC(r)-UTC(k) zaman şkalaları arasındakı zaman fərqləri müəyyən edilib, eləcə də tezlik sürüşmələri və orta stabillik göstəriciləri qiymətləndirilib.
Bundan əlavə, tutuşdurmanın aparılma mexanizmi, ionosfer təsirlərinin kompensasiyası, UTC(SASO) ilə ikitərəfli tutuşdurmalar, sürüşmə dərəcələri və stabillik nəticələri elmi məqalə şəklində hazırlanıb. Məqalənin müəllifləri sırasında AzMİ-nin Vaxt və tezlik laboratoriyasının əməkdaşları Şamxal Abbasov və Nəzrin Əliyeva da yer alıb.
Məlumat üçün bildirək ki, tədqiqat nəticələrinə dair hazırlanmış məlumat vaxt və tezlik sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri hesab olunan Avropa Tezlik və Zaman Forumu (EFTF 2026) beynəlxalq forumuna qəbul olunub.
Qeyd edək ki, AzMİ-nin Vaxt və tezlik laboratoriyası GULFMET çərçivəsində ümumilikdə iki beynəlxalq tutuşdurmaya qoşulub. Cari tutuşdurmanın nəticələrinin “Draft A” versiyası artıq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) Əsas tutuşdurmaların məlumat bazasında (KCDB) yerləşdirilib.
Göstərilən platformalarda paylaş: