AzMİ-nin Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasının texniki imkanları genişləndirilib
13.07.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasında mikrodalğa ölçmələri sahəsində texniki imkanların genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində laboratoriyada yüksək və aşağı tezlikli siqnal generatorları, universal və mikrodalğalı tezlikölçənlər, PXA siqnal analizatoru və ölçmə qəbuledicisi, mikrodalğalı gücölçən və güc sensorları, yüksəktezlikli rəqəmsal ossiloqraf, eləcə də faza səs-küyünün ölçülməsi sistemi quraşdırılaraq istismara verilib.
Həyata keçirilən yenilənmə işləri nəticəsində AzMİ-nin Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasının tezlik siqnallarının generasiyası (siqnal yaratma) və ölçmə imkanları 67 GHz-ə qədər genişləndirilib.
Qeyd edək ki, siqnal generatorları vasitəsilə 20–67 GHz diapazonunda yüksək stabilliyə malik tezlik siqnalları formalaşdırılır. Universal və mikrodalğalı tezlikölçənlər geniş tezlik diapazonunda siqnalların tezlik parametrlərinin yüksək dəqiqliklə ölçülməsini təmin edir. PXA siqnal analizatoru və ölçmə qəbuledicisi yüksək tezlikli siqnalların spektral təmizliyinin yoxlanılmasına, habelə harmoniklərin və qeyri-xətti təhriflərin təhlilinə imkan yaradır. Mikrodalğalı gücölçən və güc sensorları vasitəsilə siqnalların gücü, eləcə də müxtəlif tezliklərdə stabilliyi qiymətləndirilir. Yüksəktezlikli rəqəmsal ossiloqraf yüksək tezlikli impulsların forma, amplituda, period, qalxma və enmə müddətlərinin dəqiq təhlilini təmin edir. Faza səs-küyünün ölçülməsi sistemi isə generatorların, xüsusilə radar sistemlərinin spektral təmizliyinin və dayanıqlığının qiymətləndirilməsində mühüm rol oynayır.
Göstərilən platformalarda paylaş: