AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyası növbəti beynəlxalq tutuşdurmalara qoşulub
09.12.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Vaxt və tezlik ölçmələri laboratoriyası Körfəz Ölkələri Metrologiya Assosiasiyası (GULFMET) çərçivəsində təşkil olunan beynəlxalq tutuşdurmalara qoşulub.
Tutuşdurmalar Qlobal Naviqasiya Peyk Sistemi (GNSS) vasitəsilə milli vaxt şkalaları arasındakı fərqin müəyyən edilməsi və rəqəmsal saniyəölçənlərdən istifadə etməklə vaxtın ölçülməsini əhatə edir. Hər iki tutuşdurma Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) Əsas tutuşdurmaların məlumat bazasında (KCDB) “GULFMET.TF-S2” və “GULFMET.TF-S3” nömrələri ilə dərc olunub.
Qeyd edək ki, tutuşdurmalarda AzMİ ilə yanaşı, Səudiyyə Ərəbistanı Krallığının Standartlaşdırma, Metrologiya və Keyfiyyət Qurumunun Milli Ölçmə və Kalibrlənmə Mərkəzi (SASO-NMCC), Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME), Özbəkistan Milli Metrologiya İnstitutu (UzNIM), Misir Ərəb Respublikasının Milli Metrologiya və Standartlaşdırma İnstitutu (NIS) və Birləşmiş Ərəb Əmirliklərinin Milli Metrologiya İnstitutu (EMI) iştirak edir. 2025–2026-cı illəri əhatə edən layihə üzrə ölçmələr AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyasının əməkdaşları Şamxal Abbasov və Nəzrin Əliyeva tərəfindən icra olunur.
Məlumat üçün bildirək ki, bu iştirak AzMİ-nin sözügedən laboratoriyasının cari ildə qoşulduğu beşinci beynəlxalq tutuşdurmadır. Onlardan üçü Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (COOMET) çərçivəsində aparılır və “COOMET.TF-S1”, “COOMET.TF-S2”, “COOMET.TF-S3” nömrələri ilə dərc olunub.
Qeyd edək ki, tutuşdurmalar yekunlaşdıqdan sonra nəticələr ekspertiza prosesindən keçiriləcək, əldə olunan göstəricilər əsasında laboratoriyaların kalibrlənmə və ölçmə imkanları KCDB-də dərc olunacaq. Bu isə laboratoriyaların müvafiq ölçmələr üzrə imkanlarının beynəlxalq səviyyədə tanınmasına imkan verəcək.
Göstərilən platformalarda paylaş: