AzMİ nümayəndələri “MacroFrontiers 2025” Beynəlxalq Elmi Konfransında iştirak ediblər
28.04.2025Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 105 illik yubileyi münasibətilə keçirilən “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da iştirak ediblər.
Konfrans çərçivəsində təşkil olunan panel sessiyada “Dövlət-Sənaye-Universitet Əməkdaşlıq Modeli – İnnovativ İnkişafın Drayveri kimi” mövzusunda müzakirələr aparılıb. Paneldə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov, “SOCAR Downstream Management” MMC-nin proses direktoru Qədir Əliyev, “SOCAR Fugro” MMC-nin direktoru Fikrət Əliyev və “N1” şərab zavodunun İdarə Heyətinin sədri Mətləb Abbasov çıxış ediblər.
X.Seyranov çıxışı zamanı sənayenin inkişafında metrologiyanın rolu, AzMİ-nin bu istiqamətdə gördüyü işlər, mövcud laboratoriya infrastrukturu və gələcək planlar haqqında ətraflı məlumat verib. Həmçinin AzMİ ilə ADNSU arasında imzalanmış sazişə əsasən yaradılan “AzMİ Akademiya” layihəsi və bu layihə çərçivəsində görülən işlər konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Məlumat üçün bildirək ki, konfransa Azərbaycanın müxtəlif ali təhsil müəssisələri və elmi-tədqiqat institutları ilə yanaşı, xarici ölkələrdən də onlarla universitetin nümayəndələri qatılıblar. Ümumilikdə tədbirə 307 elmi məqalə və 241 tezis təqdim olunub ki, bunlardan 27 məqalə və 49 tezis xarici alimlər tərəfindən göndərilib.
Göstərilən platformalarda paylaş: