AzMİ nümayəndələri Polşada beynəlxalq konfransda iştirak ediblər
21.05.2025Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndələri Polşanın Kielce şəhərində “Metrologiyada süni intellekt” mövzusunda təşkil olunan beynəlxalq konfransda iştirak ediblər.
Konfransda Almaniya, İtaliya, Latviya, Litva, Macarıstan, Niderland, Portuqaliya, Rumıniya, Slovakiya, İsveç, Polşa və Ukraynanın milli metrologiya qurumlarından nümayəndələr iştirak ediblər. Tədbirə ölkəmizdən Azərbaycan Metrologiya İnstitutunun Baş direktoru Xamis Seyranov və İnstitutun Qabaqcıl texnologiyalar sektorunun müdiri Emil Babaşov qatılıblar.
Konfrans zamanı “Metrologiyada süni intellekt – imkanlar və çağırışlar”, “Qabaqcıl istehsalatda süni intellekt” və “Tibbi ölçmələrdə süni intellekt” mövzularında panel sessiyalar təşkil olunub.
Tədbir çərçivəsində süni intellektin metrologiya sahəsində tətbiqi, mövcud imkanlar və çağırışlarla bağlı geniş müzakirələr aparılıb. Həmçinin süni intellektin qanunverici metrologiyada gələcək perspektivləri, Sİ vahidlərinin rəqəmsal təqdimatı və onun əsasında ölçmə nəticələrinin etibarlılığının qiymətləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Bundan əlavə, konfrans çərçivəsində iştirakçı ölkələrin milli metrologiya institutlarının nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.
Göstərilən platformalarda paylaş: