AzMİ nümayəndəsi COOMET-in prezident şurasının 40-cı iclasında iştirak edib
13.05.2025Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Baş direktorunun müavini Azər Qurbanov Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (COOMET) prezident şurasının 40-cı iclasında iştirak edib.
Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən iclas zamanı regional metrologiya əməkdaşlığının əsas istiqamətləri, COOMET-in vahid informasiya resursunun yaradılması və elmi-tədqiqat sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi və digər zəruri məsələlər müzakirə edilib.
İclas çərçivəsində təqdimatla çıxış edən A.Qurbanov keyfiyyəti idarəetmə sistemlərinin qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsi, COOMET tərəfindən verilən tanınma şəhadətnaməsinin forması, eləcə də auditorlar bazasının inkişafı ilə bağlı bir sıra təkliflər irəli sürüb.
Səfər zamanı Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Texniki Tənzimləmə Agentliyinin rəhbəri Akmal Jumanazarov və Özbəkistan Milli Metrologiya İnstitutunun (UzNIM) direktoru Lazizbek Saidoripov ilə görüş keçirilib. Görüşdə AzMİ və UzNIM arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi proqramlarına cəlb olunması məsələləri müzakirə edilib. Bundan əlavə, qurumlar 2026–2027-ci illəri əhatə edən “Yol Xəritəsi” layihəsinin hazırlanması ilə bağlı razılığa gəliblər.
Qeyd: Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Regional Əməkdaşlığı Təşkilatı (COOMET) 17 ölkənin metrologiya institutlarını birləşdirən regional təşkilatdır. Təşkilatın əsas məqsədi üzv ölkələr arasında elmi və texniki sahələrdə əməkdaşlığın gücləndirilməsini təmin etməkdir.
Göstərilən platformalarda paylaş: