AzMİ və AZSTAND nümayəndələri SMIIC-in Baş Assambleyasının iclasında iştirak ediblər
04.12.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktorunun müavini Madar Quliyev və Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktorunun müavini Səbinə Məmmədli İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Baş Assambleyasının 20-ci iclasında iştirak ediblər.
Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən tədbirə SMIIC-ə üzv olan 48 dövlətin, həmçinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT), BMT-nin Sənaye İnkişafı Təşkilatı ((United Nations Industrial Development Organization – UNIDO), Körfəz Əməkdaşlıq Şurasının Standartlaşdırma Təşkilatı (GCC Standardization Organization – GSO), Ərəb Sənaye İnkişafı, Standartlaşdırma və Mədənçilik Təşkilatı (Arab Industrial Development, Standardization and Mining Organization – AIDSMO) və Islam Qida Təhlükəsizliyi Təşkilatı (Islamic Organization for Food Security – IOFS) kimi beynəlxalq qurumların nümayəndələri qatılıblar.
İclas zamanı ticarətdə texniki maneələrin azaldılması, metrologiya və standartlaşdırma sahəsində yanaşmaların modernləşdirilməsi, uyğunluğun qiymətləndirilməsi sistemlərinin təkmilləşdirilməsi, eləcə də SMIIC-in gələcək proqram və büdcəsinin təsdiqi müzakirə edilib.
Bundan əlavə, SMIIC-in Strateji Planı çərçivəsində görülən işlər, akkreditasiya sahəsində texniki məsələlər, illik fəaliyyət planı, qəbul olunmuş qərarların icra vəziyyəti və SMIIC Rəqəmsal Sertifikatlar Sistemi barədə məlumat təqdim edilib.
Həmçinin iclas zamanı standartlaşdırma üzrə Texniki Komitələrin (TK) effektivliyinin təmin edilməsi məqsədilə iştirak səviyyəsinin yüksəldilməsi, qəbul edilən və dərc olunan standartların sayının artırılması, o cümlədən qlobal tərəfdaşlarla əməkdaşlıq imkanlarının gücləndirilməsi məsələlərinə nəzər salınıb.
Sonda SMIIC-in növbəti illik toplantısının Rusiya Federasiyasının Kazan şəhərində keçirilməsi qərara alınıb.
Qeyd: İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) İslam Əməkdaşlıq Təşkilatının standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əsas qurumudur. Təşkilatın məqsədi üzv dövlətlər arasında standartların uyğunlaşdırılmasını təmin etmək, ticarətdə texniki maneələri aradan qaldırmaq, təhlükəsiz məhsul və xidmət dövriyyəsini təşviq etmək və qarşılıqlı tanınma üzrə mexanizmlər yaratmaqdır. Azərbaycan Respublikasının SMIIC-in Əsasnaməsinə qoşulması 11 oktyabr 2022-ci il tarixli 601-VIQ saylı Qanunla təsdiq edilib, ölkəmizin üzvlüyü isə 22 noyabr 2022-ci ildə SMIIC-in Baş Assambleyasında rəsmiləşdirilib.
Göstərilən platformalarda paylaş: