/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Beynəlxalq Vahidlər Sistemi Broşürünün yeni versiyası istifadəyə verilib

16.06.2026

Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) tərəfindən Beynəlxalq Vahidlər Sistemi (SI) Broşürünün 9-cu nəşrinin 4.01 versiyası istifadəyə verilib.

Yenilənmiş versiyada əsas dəyişikliklər SI-yə aid olmayan vahidlərin təqdimatı və təsnifatı ilə bağlıdır. Belə ki, SI-yə aid olmayan vahidlərə həsr olunmuş bölmə yenidən işlənib, bu vahidlərin Broşürdə hansı məqsədlə yer aldığı daha aydın izah edilib və onların SI vahidlərinə çevrilmə əmsallarını əks etdirən daha əhatəli siyahı əlavə olunub.

Yeni versiyada ilk dəfə açıq şəkildə qeyd edilir ki, SI-yə aid olmayan vahidlər Beynəlxalq Vahidlər Sisteminin tərkib hissəsi hesab edilmir və SI daxilində hər hansı xüsusi statusa malik deyillər. Eyni zamanda həmin vahidlərin praktik istifadəsi nəzərə alınaraq Broşürə daxil edilməsinin səbəbləri də izah olunub.

Dəyişikliklər çərçivəsində SI-yə aid olmayan vahidlər uzun müddətdir istifadə olunan zaman və bucaq vahidləri, SI vahidlərinin onluq qatları və alt qatları üçün tarixi adlar, SI vahidlərinin onluq qatları və alt qatları olmayan, beynəlxalq səviyyədə tanınmış vahidlər və xüsusi texniki sahələrdə istifadə olunan vahidlər şəklində qruplaşdırılıb.

Bundan əlavə, Broşürün ümumi strukturunda da redaktə xarakterli yeniliklər edilib. Məlumatlandırıcı qeydlər əsas mətnə inteqrasiya olunub, sənədin təqdimat forması sadələşdirilərək istifadəçilər üçün daha əlçatan edilib.

Qeyd edək ki, Beynəlxalq Vahidlər Sistemi (SI) 1960-cı ildə Ölçülər və Çəkilər üzrə Baş Konfransın (CGPM) 11-ci iclasında qəbul edilmiş qətnamə ilə təsis olunub. Broşür SI-ni təsvir edən əsas və nüfuzlu istinad sənədi hesab edilir. Sənəddə sistemin əsas prinsipləri, vahidləri, onların tətbiqi qaydaları və beynəlxalq səviyyədə qəbul edilmiş yanaşmalar öz əksini tapır. Broşür Beynəlxalq Çəkilər və Ölçülər Bürosu tərəfindən mütəmadi olaraq yenilənir.

QEYD: Beynəlxalq Vahidlər Sistemi (SI) Broşürünün 9-cu nəşrinin 4.01 versiyası ilə linkə daxil olaraq tanış ola bilərsiniz.

Beynəlxalq Vahidlər Sistemi Broşürünün yeni versiyası istifadəyə verilib
Beynəlxalq Vahidlər Sistemi Broşürünün yeni versiyası istifadəyə verilib