Bir sıra dövlət qurumlarının əməkdaşları AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyasında olublar
31.07.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən ölkəmizdə ölçmə vasitələrinin dəqiqliyinin təmin edilməsi, eləcə də texniki tənzimləmə və keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu çərçivədə “Bakı Metropoliteni” QSC, Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanması və “BakuBus” MMC-nin əməkdaşları AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyası ilə tanış olublar.
Laboratoriyaya baxış zamanı Milli Etalon Vaxtı və bu istiqamətdə görülən işlər haqqında ətraflı məlumat verilib. Bundan əlavə, sözügedən laboratoriyanın ölçmə və kalibrlənmə imkanları, həmçinin gələcək perspektivlərdən bəhs olunub.
Qeyd edək ki, AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyasında aviasiya, müdafiə sənayesi, telekommunikasiya sahələrində istifadə olunan ölçmə vasitələrinin tezlik (period) və vaxt (vaxt intervalı, enmə-qalxma vaxtı, impuls eni və s.) kəmiyyətlərinin yüksək dəqiqliklə ölçülməsi və kalibrlənməsi həyata keçirilir. Laboratoriya tezlik üzrə 1 mHz - 15 GHz, vaxt üzrə isə 2 ns - 100 000 s aralığında ölçmə imkanlarına malikdir.
Göstərilən platformalarda paylaş: