COOMET-in “Fotometriya və Radiometriya” Texniki Komitəsinin növbəti iclası keçirilib
14.11.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Fotometrik ölçmələr laboratoriyasının əməkdaşları Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) “Fotometriya və Radiometriya” Texniki Komitəsinin 21-ci iclasında iştirak ediblər.
Onlayn formatda keçirilən iclasa ölkəmizlə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya, Çin, Belarusiya və Slovakiyanın milli metrologiya qurumlarından nümayəndələr qatılıblar.
Tədbir çərçivəsində lazer şüalanmasının güc həssaslığının müxtəlif dalğa uzunluqlarında tutuşdurulması, optik lifdə polarizasiya rejim dispersiyası, siqnalın sönmə və orta gücünün ölçülməsi üzrə pilot tutuşdurmalarla bağlı məlumatlar təqdim olunub. Həmçinin fotometriya və radiometriya sahəsində COOMET-in əsas tutuşdurmalarının uzunmüddətli proqramı müzakirə edilib.
Bundan əlavə, iclas zamanı AzMİ-nin yeni istifadəyə verilmiş Fotometrik ölçmələr laboratoriyasının etalonları və avadanlıqları, eləcə də ölçmə və kalibrlənmə imkanları haqqında ətraflı məlumat verilib. İclas iştirakçıları, həmçinin gələcəkdə beynəlxalq səviyyədə birgə tutuşdurmaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd: Azərbaycan Metrologiya İnstitutu 2007-ci ildən COOMET-də ölkəmizi həqiqi üzv qismində təmsil edir. Sözügedən təşkilatla əməkdaşlıq fiziki kəmiyyət vahidləri etalonları, qanunverici metrologiya, kalibrlənmə və ölçmə imkanlarının beynəlxalq tanınması üçün tutuşdurmalarda iştirak, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi, texniki komitələrdə fəaliyyət və mütəxəssis hazırlığı istiqamətlərini əhatə edir.
Göstərilən platformalarda paylaş: