COOMET-in “Vaxt və tezlik” üzrə Texniki Komitəsinin növbəti iclası keçirilib
20.10.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) “Vaxt və tezlik” üzrə Texniki Komitəsinin (TK 1.11) 18-ci iclasında iştirak ediblər.
İclasa ölkəmizlə yanaşı, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistandan olan mütəxəssislər də qatılıblar.
Görüş zamanı COOMET çərçivəsində həyata keçirilən tutuşdurma layihələri, üzv ölkələrdə vaxt metrologiyasının inkişaf istiqamətləri, ölçmə və kalibrlənmə imkanlarının genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Bundan əlavə, iclas iştirakçılarına AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyasında görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, sözügedən laboratoriya tərəfindən Koordinasiyalı Universal Vaxta (Coordinated Universal Time – UTC) töhfə verilməsi və Milli Etalon Vaxtının (UTC (AZ)) yaradılması istiqamətində fəaliyyətlər davam etdirilir. Həmçinin bu məqsədlə Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) ilə mütəmadi məlumat mübadiləsi həyata keçirilir.
Qeyd: Azərbaycan Metrologiya İnstitutu 2007-ci ildən COOMET-də ölkəmizi həqiqi üzv qismində təmsil edir. Sözügedən təşkilatla əməkdaşlıq fiziki kəmiyyət vahidləri etalonları, qanunverici metrologiya, kalibrlənmə və ölçmə imkanlarının beynəlxalq tanınması üçün tutuşdurmalarda iştirak, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi, texniki komitələrdə fəaliyyət və mütəxəssis hazırlığı istiqamətlərini əhatə edir.
Göstərilən platformalarda paylaş: