Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları AzMİ laboratoriyaları ilə tanış olublar
01.12.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsinin (DRİ) əməkdaşları ilə görüş təşkil olunub.
Görüş zamanı AzMİ-də yeni istifadəyə verilən laboratoriyalar, onların ölçmə və kalibrlənmə imkanları, tətbiq sahələri, habelə burada istifadə olunan müasir cihazlar barədə ətraflı məlumat verilib.
Daha sonra DRİ əməkdaşları AzMİ-nin Vaxt və tezlik ölçmələri, Radiotezlik gücü və paylanma parametrləri, eləcə də Elektromaqnit çirklənməsi ölçmələri laboratoriyalarına baxış keçiriblər. Laboratoriya infrastrukturu ilə tanışlıq zamanı DRİ-də istifadə olunan ölçmə vasitələrinin, eləcə də gələcəkdə tətbiqi nəzərdə tutulan avadanlıqların AzMİ-nin müvafiq laboratoriyalarında kalibrlənmə imkanları müzakirə olunub.
Məlumat üçün bildirək ki, sözügedən laboratoriyalarda aviasiya, müdafiə sənayesi, telekommunikasiya və mobil rabitə sistemlərində istifadə olunan ölçmə vasitələrinin tezlik, vaxt intervalı, siqnal gücü, paylanma parametrləri, elektrik sahəsi, maqnit sahəsi və elektromaqnit çirklənməsi göstəricilərinin dəqiq ölçmələri həyata keçirilir.
Göstərilən platformalarda paylaş: