Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun nümayəndə heyəti Özbəkistan Respublikasına işgüzar səfər edib.
11.06.2024İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun nümayəndə heyəti Özbəkistan Respublikasına işgüzar səfər edib.
Səfər çərçivəsində heyət Daşkənd şəhərində keçirilən Avrasiya Ölkələri Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) 36-cı iclasında iştirak edib.
Hibrid formatda təşkil olunan iclasda Ölçülər və Çəkilər üzrə Beynəlxalq Büro (BIPM) və Beynəlxalq Qanunverici Metrologiya Təşkilatının (OIML), həmçinin COOMET Regional Metrologiya Təşkilatına üzv ölkələr - Bosniya və Herseqovina, Slovakiya, Moldova, Türkiyə, Almaniya, Belarus, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Çin və Kubanın nümayəndələri, rəsmi katiblər və Texniki Komitələrin sədrləri iştirak ediblər.
İclas zamanı iştirakçılara Təşkilatın 2023 - 2024-cü illər üzrə fəaliyyət göstəricilərinə dair hesabat, keyfiyyəti idarəetmə sistemlərinin qiymətləndirilməsi sahəsi üzrə məlumatlar təqdim edilib, rəqəmsallaşdırma və qanunverici metrologiya istiqamətində birgə təlimlərin keçirilməsi və əməkdaşlıq məsələləri müzakirə olunub.
İclasın sonunda ötən il metrologiya sahəsində səmərəli fəaliyyətinə görə üzv dövlətlərin seçilmiş mütəxəssislərinə COOMET tərəfindən “Əməkdar metroloq” fəxri adı üzrə mükafatlar təqdim edilib. Azərbaycan üzrə fəxri ada AzMİ-nin Etalon Mərkəzinin rəhbəri Şəhla Musayeva layiq görülüb.
Səfərin növbəti günündə nümayəndə heyəti Özbəkistan Milli Metrologiya İnstitutunun 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-texniki konfransda iştirak edib.
Bundan əlavə, işgüzar səfər zamanı “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs və "Özbəkistan Milli Metrologiya İnstitutu" arasında mövcud Anlaşma Memorandumu çərçivəsində 2024-2025-ci illər üçün əməkdaşlığa dair yeni “Yol Xəritəsi” imzalanıb.
Sənədə əsasən, tərəflər metrologiya sahəsində rəqəmsal həllər, Texniki Komitələrin birgə fəaliyyəti, etalon bazasının təkmilləşdirilməsi, elmi-texniki məsləhətləşmələr, təcrübə mübadiləsi, qarşılıqlı metodoloji yardımın göstərilməsi və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması istiqamətində əməkdaşlıq edəcəklər.
Göstərilən platformalarda paylaş: