/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Milli vaxt sisteminin təkmilləşdirilməsi iqtisadi səmərəliliyə müsbət təsir edəcək

29.05.2025

Vaxt müasir cəmiyyətin texnoloji və elmi inkişafında strateji əhəmiyyətə malikdir. Onun dəqiq və etibarlı şəkildə ölçülməsi informasiya texnologiyaları, rabitə, energetika, nəqliyyat, aviasiya və digər yüksək dəqiqlik tələb edən sahələrdə proseslərin sinxronlaşdırılması və idarəolunması üçün zəruridir. Bu baxımdan, vaxtın dəqiqliyinin təmin edilməsi və Milli Etalon Vaxtının qurulması metrologiya sahəsinin prioritet istiqamətlərindən biridir. Ölkədə bu sistemin formalaşdırılması, eləcə də digər mühüm sahələrdə etalon laboratoriyalarının qurulması, beynəlxalq standartlara uyğun metroloji infrastrukturun yaradılması Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən həyata keçirilir. 

AzMİ-nin Etalon Mərkəzinin müdiri Şəhla Musayeva Milli Etalon Vaxtının yaradılması istiqamətində indiyə kimi görülən işlər, o cümlədən qurumun nəzdində fəaliyyət göstərən laboratoriyalar, yeni layihələr və beynəlxalq əməkdaşlıq barədə məlumatları “vergiler.az”ın oxucuları ilə bölüşür. 

- Şəhla xanım, hazırda Azərbaycanda vaxtın sinxronlaşdırılması necə həyata keçirilir?

- Ölkəmizdə vaxtın sinxronlaşdırılması milli vaxtın olmaması səbəbindən vahid bir mərkəzdən həyata keçirilmir. Bu proses müxtəlif üsullarla və müxtəlif mənbələrdən istifadə edilməklə yerinə yetirilir. Belə ki, Azərbaycanda vaxtın sinxronlaşdırılması Qlobal Mövqe Müəyyənləşdirmə Sistemi, yəni GPS (Global Positioning System) və digər vaxt mənbələri, eləcə də öz milli vaxtını yaratmış ölkələrin sistemindən istifadə etməklə aparılır. Əlbəttə, qeyd olunan üsul və mənbələrdən yararlanma həm ölkəmizi kənar sistemlərdən asılı edir, həm də vaxtın daha dəqiq sinxronlaşdırılmasına mənfi təsir göstərir. Bu da maliyyə, logistika, kommunikasiya və bu kimi digər vaxtı koordinasiya etməyi tələb edən sahələrdə çətinliklərin meydana gəlməsinə səbəb olur.

- Milli Etalon Vaxtının yaradılması istiqamətində hansı işlər görülür?

- Milli Etalon Vaxtının yaradılması AzMİ üçün prioritet məsələdir və bu istiqamətdə bir sıra tədbirlər həyata keçiririk. Məsələn, vaxt və tezlik ölçmələri üzrə laboratoriyanın yaradılmasını misal göstərə bilərəm ki, sözügedən laboratoriyada milli vaxtın istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda dəqiq ölçülməsi və sinxronlaşdırılması üçün lazımi avadanlıqlar quraşdırılıb. Belə ki, AzMİ-nin vaxt və tezlik ölçmələri üzrə laboratoriyasında quraşdırılan sezium atom saatları və GNSS (Global Navigation Satellite System), yəni Qlobal Naviqasiya Peyk Sistemi qəbuledicilərindən istifadə etməklə Milli Etalon Vaxtının yaradılması ilə bağlı prosesə başlanılıb. Bununla da GNSS peyklərindəki atom saatları ilə vaxt və tezlik ölçmələri laboratoriyasındakı atom saatları arasındakı zaman fərqi hər gün mütəmadi ölçüləcək, daha sonra Çəkilər və ölçülər üzrə beynəlxalq büroya (Bureau International des Poids et Mesures - BIPM) göndəriləcək. Bu metodla Azərbaycan UTC-nin (Coordinated Universal Time – Koordinasiya edilmiş ümumdünya vaxtı) formalaşmasına töhfə verən ölkələrin sırasına daxil olacaq, UTC (AZ) ilə UTC arasındakı zaman fərqi izlənə biləcək. Beynəlxalq izlənəbilən vaxt yaradıldıqdan sonra laboratoriyada quraşdırılan NTP (Network Time Protocol - Şəbəkə zaman protokolu) sistemi vasitəsilə Milli Etalon Vaxtı internet üzərindən yayımlanacaq. Beləliklə, ölkəmizdə vahid vaxtın istifadəsi təmin ediləcək.

Milli Etalon Vaxtının yaradılması təkcə vaxtın düzgün təyin edilməsi deyil, eyni zamanda müxtəlif sahələrdə daha etibarlı və səmərəli əməliyyatların həyata keçirilməsi üçün vacib bir infrastrukturun formalaşdırılması anlamına gəlir. Bu, Azərbaycanın vaxtölçmə və sinxronlaşdırılma sistemlərini birləşdirən və beynəlxalq UTC sisteminə uyğunlaşdırılmış milli vaxt standartıdır, həmçinin bütün vaxtölçmə və bununla bağlı idarəçiliyin vahid sistemə əsaslanması deməkdir. Sözügedən sistemin qurulmasında məqsəd ölkə daxilində vaxtın düzgün təyin edilməsini, müxtəlif sektorlarda dəqiq və uyğun vaxtın təmin edilməsini və beynəlxalq səviyyədə Azərbaycanın vaxt sisteminin digər ölkələrlə sinxron olmasını təşkil etməkdir.

- Milli Etalon Vaxtının yaradılması ölkə üçün niyə vacibdir və bu, hansı dəyişikliklərə səbəb olacaq?

- Respublikada fəaliyyət göstərən qurumlar və müəssisələr hazırda müxtəlif vaxt mənbələrindən istifadə edirlər. Bu da bəzən vaxtın qeyri-dəqiq və ya qeyri-sinxron olmasına səbəb ola, xüsusilə beynəlxalq əlaqələr və yüksək dəqiqlik tələb edən sahələrdə problemlərə gətirib çıxara bilər. Bu kimi halların qarşısını almaq və bütün sistemləri vahid vaxt mənbəyinə yönləndirmək üçün Milli Etalon Vaxtının yaradılması çox əhəmiyyətlidir.

Onu da deyim ki, Azərbaycanda yaradılacaq milli vaxt beynəlxalq UTC sisteminə tam uyğunlaşdırılacağı üçün ölkədəki bütün vaxtölçmə sistemlərinin sinxronlaşdırılması daha dəqiq və etibarlı olacaq. Vaxtın dəqiq sinxronlaşdırılması, o cümlədən milli vaxt sisteminin təkmilləşdirilməsi elmi və texnoloji inkişafa, iqtisadi səmərəliliyə və beynəlxalq əməkdaşlığa müsbət təsir edəcək. Bundan əlavə, AzMİ-nin vaxt və tezlik ölçmələri laboratoriyasında müvafiq sahələrdə istifadə olunan atom saatları, xronometrlər, elektromaqnit siqnalları yaradan və analiz edən digər cihazların kalibrlənməsi, həmçinin izlənəbilənliyin AzMİ üzərindən həyata keçirilməsi üçün lazımi vaxt və tezlik sisteminin qurulması planlaşdırılıb.

Bir vacib məsələni xüsusi qeyd etmək istərdim: AzMİ-nin vaxt və tezlik ölçmələri laboratoriyası vasitəsilə beynəlxalq izlənəbilən milli vaxtın yaradılması işlərinin 2025-ci ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

- Azərbaycanda beynəlxalq tələblərə cavab verən etalon laboratoriyalarının qurulması istiqamətində həyata keçirilən infrastruktur layihələri hansı mərhələdədir?

- Dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda yer alan Tədbirlər Planında ölkədə məhsul və xidmət istehsalının müasir keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi prioritet olaraq müəyyənləşdirilib. Bu istiqamətdə AzMİ-də yeni ölçmə imkanlarının artırılması məqsədilə zəruri hesab edilən sahələr üzrə təhlillər aparılıb. Bunun nəticəsində səhiyyə, inşaat, nəqliyyat, istehsalat və digər sahələrdə ölçmələrin dəqiqliyinin təmin edilməsi üçün institutun tabeliyində 20 yeni laboratoriyanın yaradılması və mövcud 7 laboratoriyanın təkmilləşdirilməsinə başlanılıb. AzMİ ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) arasında imzalanmış müqaviləyə əsasən, ilkin olaraq 12 etalon laboratoriyasının qurulması həyata keçirilməkdədir.

2024-cü il noyabrın 15-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (indi – Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – red.), TÜBİTAK UME, həmçinin BIPM və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın (OIML) rəhbər heyətinin iştirakı ilə ölkəmizdə ölçmə və kalibrlənmə imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində həcm, müqavimət, vaxt və tezlik, paylanma parametrləri, radiotezlik gücü və tibb sahəsini əhatə edən ölçmələr üzrə 5 yeni etalon laboratoriyasının açılışı olub. 2025-ci il ərzində Azərbaycan Metrologiya İnstitutunda daha 7 yeni laboratoriyanın qurulması nəzərdə tutulub.

- AzMİ tərəfindən ölkəmizdə yeni sahə hesab edilən tibb ölçmələri istiqamətində hansı təşəbbüslər irəli sürülür?

- Azərbaycan Metrologiya İnstitutunda yeni yaradılan tibb ölçmələri laboratoriyasında bütün növ tibbi avadanlıqların yoxlanılması və kalibrlənməsi həyata keçirilir. Laboratoriya 6 ixtisaslaşmış sistemdən ibarətdir. Belə ki, defibrilyator analizator sistemində defibrilyatorların, qaz axını analizatoru sistemində narkoz və süni tənəffüs aparatlarının, habelə infuzor və perfuzorların, tibbi ultrasəs avadanlıqları sistemində ultrasəs (UZİ) cihazlarının, elektrocərrahiyyə sistemində kaoqulyator avadanlıqlarının, xəstə simulyatoru sistemində qan oksigeni ölçən (pulse oksimetrlər) və elektrokardioqram (EKQ) cihazlarının, elektrik təhlükəsizliyi sistemində elektrik cihazlarının təhlükəsizliyini təmin edən avadanlıqların, elektrik təzyiqölçmə sistemində isə müxtəlif elektrik əsaslı ölçmə cihazlarının yoxlanılması və kalibrlənməsi aparılır. Bütün bunlar ən müasir avadanlıqlar vasitəsilə və ixtisaslaşmış mütəxəssislər tərəfindən yerinə yetirilir.

Bu yaxınlarda AzMİ-nin Tibb ölçmələri üzrə laboratoriyasında TÜBİTAK UME-nin tibb ölçmələri laboratoriyasının, "BC Laboratuvarı" şirkətinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının “Fluke Corporation” təşkilatının mütəxəssisləri tərəfindən xəstə simulyatoru, pulsoksimetr, həmçinin tənəffüs, temperatur, invaziv qan təzyiqi (IPB), ürək çıxışı, qeyri-invaziv qan təzyiqi (NIBP) və s. ölçmələr üçün istifadə olunan cihazların kalibrlənməsi aparılıb. Bundan əlavə, laboratoriyada inkubator analizatoru vasitəsilə körpə küvəzlərinin, həmçinin defibrilyasiya analizatorunun manual kalibrlənməsi təmin edilib.

- İnstitutun beynəlxalq metrologiya təşkilatları ilə əməkdaşlıq əlaqələri hansı istiqamətləri əhatə edir və bunun ölkədə metroloji xidmətlərin inkişafında rolu nədən ibarətdir?

- AzMİ ölkəmizi metrologiya sahəsi üzrə beynəlxalq və regional təşkilatlarda da təmsil edir. İnstitut “Milli etalonların və milli metrologiya müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişin (Mutual Recognition Arrangement of the International Committee of Weights and Measures - CIPM MRA) iştirakçısıdır.

2023-cü ildə Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) “Keyfiyyət Forumu”nun Texniki Komitəsi tərəfindən Azərbaycan Metrologiya İnstitutunun tabeliyində olan etalon laboratoriyalarının ISO/IEC 17025 beynəlxalq standartının tələblərinə uyğunluğu qiymətləndirilib. Bu qiymətləndirməyə əsasən, AzMİ-yə 5 il müddətinə “Tanınma haqqında şəhadətnamə” təqdim edilib. Bu təsdiqedici sənəd institut tərəfindən verilən kalibrlənmə sertifikatlarının beynəlxalq miqyasda tanınmasına, müəssisələrdə aparılan ölçmələrin nəticələrinin dəqiqliyi və etibarlılığına, regional və beynəlxalq səviyyədə müsbət rəyin formalaşmasına, o cümlədən ticarət zamanı texniki maneələrin aradan qaldırılmasına şərait yaradır. Yeri gəlmişkən, Azərbaycan Metrologiya İnstitutunun baş direktorunun müavini Azər Qurbanov 2024-cü ildə COOMET-in vitse-prezidenti, həmçinin sözügedən təşkilatın keyfiyyət forumunun sədri seçilib. Bundan əlavə, ölkəmiz 2015-ci ildən Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda (OIML) müxbir üzv qismində iştirak edir. Sözügedən təşkilata üzvlük digər dövlətlərin metrologiya sahəsində ən yaxşı təcrübələrinin, o cümlədən yeni texnologiyaların, ölçmə vasitələrinin uyğunluğunun qiymətləndirilməsi üzrə yeni metodların öyrənilməsinə imkan verir. Təşkilatın dərc edilmiş sənədləri və tövsiyələri üzv dövlətlərin metroloji fəaliyyətlərinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına şərait yaradır.

Ölkəmiz 2009-cu ildən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (The International Atomic Energy Agency - IAEA) Müdirlər Şurasının üzvüdür. Bundan əlavə, IAEA ilə əməkdaşlıq çərçivəsində sözügedən agentliyin Texniki Əməkdaşlıq Proqramına əsasən, AzMİ-də ilkin etalon dozimetrik, spektrometriya (alfa, beta və qamma şüaları üzrə) və radon etalon laboratoriyalarının qurulması həyata keçirilib.

Bütün bu deyilənləri ümumiləşdirsək, AzMİ-nin beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri Azərbaycanın metrologiya sisteminin gücləndirilməsi və beynəlxalq səviyyədə tanınması baxımından böyük əhəmiyyət daşıyır. Bu, metrologiya sahəsində elmi tədqiqatların inkişafına, texnoloji yeniliklərin tətbiqinə və müxtəlif sahələrdə ölçmə texnologiyalarının təkmilləşdirilməsinə imkan yaradır. AzMİ ölkəmizin ölçmə sistemlərinin dünya standartlarına uyğunlaşdırılmasını təmin edir və qlobal metrologiya şəbəkəsinə inteqrasiyanı sürətləndirir.

- Sonda “AzMİ Akademiya” layihəsi haqqında məlumat verməyinizi istərdik. Bu layihənin əsas məqsədi nədən ibarətdir və müvafiq sahədə gənc mütəxəssislərin yetişdirilməsində gözləntiləriniz nələrdir?

- "AzMİ Akademiya" Azərbaycan Metrologiya İnstitutu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında imzalanmış razılaşmaya əsasən yaradılıb. Hazırda Azərbaycan Texniki Universitetinin də (AzTU) sözügedən layihəyə qoşulması istiqamətində işlər aparılır. Layihə çərçivəsində metrologiya sahəsində fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılmasına yönələn təlimlər, o cümlədən müvafiq universitetlərdə bakalavr, magistratura və doktorantura pilləsində təhsil alanlar üçün nəzəri və praktiki tədbirlər həyata keçirilir. Belə ki, ötən il ərzində AzMİ-nin etalon laboratoriyalarına təşkil edilən infoturlar zamanı tələbələr mövcud laboratoriyalar və burada görülən işlərlə əyani tanış olublar. Gələcəkdə bu layihəyə metrologiya sahəsi ilə əlaqəli digər təhsil müəssisələrinin də cəlb edilməsi nəzərdə tutulub. Layihə çərçivəsində dövlət və özəl sektora məxsus laboratoriyalarda çalışan şəxslərin metrologiya sahəsində bilik və bacarıqlarının artırılmasına yönələn tədbirlərin keçirilməsi, o cümlədən ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində metrologiya ixtisası üzrə təhsil alan və işləyən kadrlarla birlikdə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır.

Ümumiyyətlə, “AzMİ Akademiya”nın yaradılması Azərbaycanda müvafiq sahə üzrə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinə və mövcud əlaqələrin yeni müstəvidə inkişafına, metroloji infrastrukturun təkmilləşdirilməsinə müsbət təsir göstərəcək.

Milli vaxt sisteminin təkmilləşdirilməsi iqtisadi səmərəliliyə müsbət təsir edəcək
Milli vaxt sisteminin təkmilləşdirilməsi iqtisadi səmərəliliyə müsbət təsir edəcək