Səhiyyə sahəsində ölçmələrin vəhdətinin təmin edilməsi üzrə İşçi Qrupun növbəti iclası keçirilib
24.10.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (МГС) səhiyyə sahəsində ölçmələrin vəhdətinin təmin edilməsi məsələləri üzrə Elmi-Texniki Komissiyasının (РГ ИЗ НTКMetr) İşçi Qrupunun 11-ci iclasında iştirak ediblər.
İclasda ölkəmizlə yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın milli standartlaşdırma və metrologiya qurumlarının, eləcə də Dövlətlərarası Şuranın Standartlaşdırma Bürosunun nümayəndələri iştirak ediblər.
Görüş zamanı səhiyyə sahəsində ölçmələrin vəhdətinin, o cümlədən ölçülərin vahidliyinin təmin edilməsi üçün dövlət tənzimləmə tədbirləri, üzv dövlətlərin əməkdaşlığının genişləndirilməsi, təcrübə və informasiya mübadiləsinə dair məsələlər müzakirə olunub.
İclas çərçivəsində ölkəmizdə səhiyyə sahəsində istifadə olunan və dövlət tənzimlənməsinə aid olan ölçmə vasitələrinin ümumi siyahısı haqqında məlumat verilib. Bundan əlavə, iştirakçılar AzMİ-nin yeni Tibb ölçmələri laboratoriyasının funksiyaları və burada istifadə olunan ölçmə vasitələri barədə məlumatlandırılıb.
Həmçinin iclasda səhiyyə sahəsində standartlaşdırma üzrə dövlətlərarası texniki komitənin yaradılması, səhiyyədə istifadə olunan ölçü vahidlərinin siyahısının təhlili, sistemdənkənar ölçü vahidlərinin istifadəsi ilə bağlı mövcud problemlər və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd: MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə əlaqələndirilmiş siyasəti formalaşdırıran və həyata keçirən hökumətlərarası orqandır. Azərbaycan Metrologiya İnstitutu Dövlətlərarası Şuranın metrologiya üzrə Elmi-Texniki Komissiyası və İşçi Qruplarında təmsil olunaraq ölçmələrin dəqiqliyinin artırılması və etalonların müqayisəsi istiqamətində əməkdaşlıq edir.
Göstərilən platformalarda paylaş: