TÜBİTAK UME mütəxəssisinin iştirakı ilə AzMİ-də təlimlər keçirilib
25.06.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) mütəxəssisi Dr. Enver Sadıkoğlunun iştirakı ilə təlimlər keçirilib.
“AzMİ Akademiya” layihəsi çərçivəsində təşkil olunan təlimlərdə metrologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər, bu istiqamətdə təhsil alan tələbələr, eləcə də AzMİ əməkdaşları iştirak ediblər. İki gün davam edən təlimlər “Qeyri-müəyyənliyin nəzəri əsasları və beynəlxalq standartlar” və “Laboratoriyalarda qeyri-müəyyənliyin tətbiqi və nümunələr üzərində praktiki təhlillər” mövzularını əhatə edib.
Təlim müddətində iştirakçılar ölçmə qeyri-müəyyənliyi ilə bağlı nəzəri və praktiki biliklər əldə ediblər. Belə ki, təlimlər çərçivəsində qeyri-müəyyənliyin nəzəri əsasları, büdcənin qurulması və əsası komponentləri, o cümlədən laboratoriyalarda qeyri-müəyyənliyin tətbiqi, beynəlxalq standartlara uyğun təqdimat və hesabatların hazırlanması ilə bağlı ətraflı məlumat verilib.
Qarşılıqlı diskussiya formatında təşkil olunan təlimlərdə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, həmçinin praktiki çətinliklər və təcrübələr barədə fikir mübadiləsi aparılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Göstərilən platformalarda paylaş: