Madar Quliyev
1964-cü ildə İmişli şəhərində anadan olub.
1982-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki adıyla Azərbaycan Texniki Universiteti) mexanika fakültəsinə qəbul olub. Daha sonra 1983-1985-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra 1985-1989-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirib. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun “Maşınqayırma texnologiyası” kafedrasında baş laborant olaraq başlayıb. Daha sonra 1990–1991-ci illərdə Rusiya Federasiyasının Çelyabinsk Politexnik İnstitutunun “Maşınqayırma texnologiyası” kafedrasında tədqiqatçı-mühəndis kimi çalışıb.
1991-1993-cü illərdə Çelyabinsk Politexnik İnstitutunun aspiranturasında əyani təhsil alıb. 1993-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmlər namizədi elmi dərəcəsi əldə edib.
1993-2006-cı illərdə Azərbaycan Texniki Universitetinin “Maşınqayırma texnologiyası” kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində fəaliyyət göstərib.
1996-1997-ci illərdə Almaniyanın Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının dəvəti ilə Freiberg Texniki Universitetinin “Maşın elementləri” kafedrasında elmi tədqiqat işləri aparıb.
1998-ci ildə Azərbaycan Texniki Universitetinin “Maşınqayırma texnologiyası” kafedrasının dosenti elmi adı verilib.
32 elmi məqalənin, 1 metodik vəsaitin və 2012-ci ildə Rusiya Federasiyasında çap olunmuş "Обработка на токарных станках: наладка, режимы резания" kollektiv Sorğu kitabının müəllifidir.
2001-ci ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin “Avropa ölkələri ilə əməkdaşlıq” şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb.
2002-2010-cu illərdə Almaniyanın “Berlinwasser International AG” şirkətinin Azərbaycan Nümayəndəliyində baş koordinator və rəhbər, eyni zamanda “İmişli Məhdud Məsuliyyətli Müştərək Su Cəmiyyəti”nin sədri kimi fəaliyyət göstərib.
2010-2011-ci illərdə Almaniyanın “Gauff Ingenieure” GmbH şirkətinin Azərbaycanda Dünya Bankının layihələri üzrə satınalma eksperti kimi fəaliyyət göstərib.
2011-2013-cü illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində “Beynəlxalq layihələrin idarə olunması” şöbəsində, daha sonra “Tenderlərin təşkili və idarə olunması” və “Planlaşdırma və dizayn” departamentlərində rəis vəzifələrində çalışıb.
2013-2014-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Analitik məsələlər” şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.
2015-2019-cu illərdə “AKELİK Group” ASC-də, (əvvəlki adı ilə “ALKE İnşaat, Sənaye və Ticarət” ASC) rəhbər vəzifələrdə, eləcə də sözügedən ASC-nin Tacikistan filialının direktoru kimi çalışıb.
2019-2020-ci illərdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsində (PHŞ) Biznesin inkişafı departamentinin direktor müavini vəzifəsində fəaliyyət göstərib.
2020-2021-ci illərdə Türkiyənin “EuroTek İnşaat, Sənaye və Ticarət” A.Ş.-nin Bakı ofisinin rəhbəri kimi çalışıb.
2021-2024-cü illərdə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” MMC-də sədr müavini və sədr vəzifələrində fəaliyyət göstərib.
Energetikanın inkişafındakı xidmətlərinə görə Müstəqil Dövlətlər Birliyinin (MDB) Energetika Şurasının 12 oktyabr 2022-ci il qərarı ilə "Əməkdar energetik" fəxri adına layib görülüb.
2024-2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-də baş direktorun müşaviri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 10 sentyabr 2025-ci il tarixli əmri ilə “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin baş direktorunun müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var.