AzMİ-də "Şəhərsalma və Memarlıq İli" çərçivəsində seminar keçirilib
29.09.2026Seminarda tikinti və layihə nəzarəti fəaliyyətində ölçmələrin rolu, metroloji təminatın əhəmiyyəti və bu sahədə tətbiq olunan müasir texnologiyalar müzakirə olunub.
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə "Tikinti və layihə nəzarəti fəaliyyətində ölçmələrin rolu və əhəmiyyəti" mövzusunda seminar keçirilib. Seminarda dövlət qurumlarının əməkdaşları ilə yanaşı, tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri də iştirak ediblər.
Tədbirdə AzMİ-nin baş direktoru Xamis Seyranov, Azərbaycan Elmi-Tədqiqat İnşaat və Memarlıq İnstitutunun direktor müavini Nizami Yusifov, Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktoru vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə və "ArchiCO Engineering Company" Müşahidə Şurasının sədri Məhəmməd Musayevin çıxışları dinlənilib.
Çıxışlar zamanı metrologiyanın tikinti və layihə nəzarəti sahəsindəki rolundan və əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, mövcud sahədə ölçmələrin dəqiqliyi və etibarlılığının təmin edilməsi layihələrin düzgün icrasına, konstruksiyaların təhlükəsizliyinə, habelə material itkilərinin və əlavə xərclərin minimuma endirilməsinə şərait yaradır.
Həmçinin müasir texnologiyaların tətbiqinin ölçmə dəqiqliyinin artırılmasında, texnoloji alətlərin Bina İnformasiya Modelləşdirilməsi (BIM) sistemləri ilə inteqrasiyasının xətaların öncədən aşkarlanmasında roluna diqqət çəkilib. Bundan əlavə, geodeziya, xətti-bucaq ölçmələri, sınaq laboratoriyası və mühəndis sistemləri üzrə istifadə olunan əsas ölçmə vasitələrinin, habelə metroloji təminatın tikinti keyfiyyətinə və təhlükəsizliyinə təsiri vurğulanıb.
Daha sonra "Dayanıqlı şəhərsalma proseslərində standartların rolu" mövzusunda təqdimat nümayiş etdirilib. AZSTAND-ın fəaliyyət istiqamətləri, milli standartlaşdırma proqramı və beynəlxalq texniki komitələrdə təmsilçiliyi, eləcə də ətraf-mühit, nəqliyyat və tikinti sahələrində qəbul olunmuş standartlar barədə məlumat verilib.
Sonda iştirakçılar AzMİ-nin laboratoriyalarına baxış keçiriblər.
Göstərilən platformalarda paylaş: