AzMİ əməkdaşı radiasiya təhlükəsizliyi sahəsində keçirilən elmi-texniki konfransda iştirak edib
26.11.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) şöbə müdiri Şəhla Musayeva Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə keçirilən "Azərbaycanda radiasiya təhlükəsizliyi" mövzusunda elmi-texniki konfransda iştirak edib.
Tədbirə AzMİ nümayəndəsi ilə yanaşı, FHN Akademiyası, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, eləcə də digər müvafiq dövlət qurumlarının, elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin təmsilçiləri qatılıblar.
Konfrans çərçivəsində Şəhla Musayeva “İonlaşdırıcı şüalanmanın ölçülməsi sahəsində metroloji imkanlar və laboratoriya infrastrukturu” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı AzMİ-nin bu sahədəki etalon bazası, kalibrlənmə və ölçmə imkanları barədə məlumat verilib. Eyni zamanda dozimetriya, radioaktivlik və radon ölçmələri üzrə görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.
Bundan əlavə, tədbirdə radiasiyadan qorunma və fiziki nüvə təhlükəsizliyi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, radiasiya təhlükəsizliyinin təmin olunması, nəzəri və normativ-hüquqi əsasları, radioekoloji monitorinq, pilotsuz uçuş aparatları əsasında monitorinq texnologiyalarının tətbiqi, tibbi radiologiyada rentgen şüalanmasından mühafizə materialları, ionlaşdırıcı şüalanmanın materiallara təsiri, radioaktiv tullantıların immobilizasiyası və çirkab suların şüalanma ilə təmizlənməsi mövzularına dair məruzələr dinlənilib.
Göstərilən platformalarda paylaş: