AzMİ-nin Temperatur və nəmlik ölçmələri laboratoriyası beynəlxalq tutuşdurmaya qoşulub
24.08.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Temperatur və nəmlik ölçmələri laboratoriyası Körfəz Ölkələri Metrologiya Assosiasiyası (GULFMET) çərçivəsində nisbi rütubətin realizasiyası üzrə beynəlxalq tutuşdurmaya qoşulub.
Tutuşdurmada AzMİ ilə yanaşı, Səudiyyə Ərəbistanı Krallığının Standartlaşdırma, Metrologiya və Keyfiyyət Qurumunun Milli Ölçmə və Kalibrlənmə Mərkəzi (SASO-NMCC), Birləşmiş Ərəb Əmirlikləri Metrologiya İnstitutu (EMI), Qətər Ümumi Standartlaşdırma və Metrologiya Təşkilatı (QGOSM), Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME), Özbəkistan Milli Metrologiya İnstitutu (UzNIM) və Misir Milli Standartlar İnstitutu (NIS) iştirak edib.
Beynəlxalq tutuşdurma 10 %RH-dən 90 %RH-ə qədər nisbi rütubət diapazonunda, 10 °C, 23 °C və 50 °C hava temperaturu rejimlərində “Vaisala HMT337” temperatur və nisbi rütubət ölçmə cihazından (termohiqrometr) laboratoriyalararası sınaq cihazı kimi istifadə edilməklə həyata keçirilib.
Qeyd edək ki, tutuşdurma iştirakçı qurumlar arasında ekvivalentlik dərəcəsinin müəyyən edilməsi, habelə kalibrlənmə və ölçmə imkanlarının dəstəklənməsi məqsədilə CIPM MRA çərçivəsində ölçmələrin tutuşdurulması və Tutuşdurmalar üzrə EURAMET təlimatı sənədlərinə uyğun olaraq aparılıb.
Göstərilən platformalarda paylaş: