AzMİ EURAMET-in faza səs-küyü ölçmələri üzrə tədqiqat layihəsinə qəbul edilib
21.08.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyası Avropa Milli Metrologiya İnstitutları Assosiasiyasının (EURAMET) "Faza səs-küyü ölçmələrinin tutuşdurulması" pilot tədqiqat layihəsinə tərəfdaş iştirakçı qismində qəbul edilib.
Əsas tərəfdaş qismində Fransanın Milli Metrologiya İnstitutunun Bezanson Zaman və Tezlik Laboratoriyasının (LNE-LTFB) koordinatorluğu ilə həyata keçirilən layihədə AzMİ ilə yanaşı, Danimarkanın Milli Metrologiya İnstitutu (DFM), Litvanın Fizika Elmləri və Texnologiyaları Mərkəzinin Metrologiya Departamenti (FTMC), Bosniya və Herseqovina Metrologiya İnstitutu (IMBIH), İtaliyanın Milli Metroloji Tədqiqatlar İnstitutu (INRiM), İspaniyanın Milli Aerokosmik Texnika İnstitutu (INTA), Böyük Britaniyanın Milli Fizika Laboratoriyası (NPL), Almaniyanın Fiziki-Texniki Federal İnstitutu (PTB), İspaniyanın Kral Hərbi Dəniz Qüvvələri İnstitutu və Rəsədxanası (ROA) və Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) təmsil olunur.
Layihənin məqsədi faza səs-küyü ölçmələrində B tipli və sıfır qeyri-müəyyənliyin düzgün qiymətləndirilməsi üçün bilik bazasını gücləndirmək və bu sahədə beynəlxalq metroloji əməkdaşlığı inkişaf etdirməkdir. Bu çərçivədə milli metrologiya institutları, habelə digər elmi-tədqiqat qurumları və laboratoriyalarda aparılan faza səs-küyü ölçmələrindəki uyğunsuzluqlar və mümkün sistematik xətaların müəyyənləşdirilməsi, həmçinin təkrar olunma ilə bağlı məsələlərinin araşdırılması nəzərdə tutulur.
Tədqiqat çərçivəsində layihə koordinatoru tərəfindən hazırlanmış səyyar ossilyatorlar iştirakçılara ardıcıl olaraq göndəriləcək. AzMİ tərəfindən müvafiq ölçmələr Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasının əməkdaşları tərəfindən aparılacaq. Daha sonra əldə olunan nəticələr layihə çərçivəsində digər iştirakçılarla paylaşılacaq.
Qeyd edək ki, layihənin yekun nəticələri faza səs-küyü ölçmələri üzrə beynəlxalq izlənilmə zəncirinin formalaşmasına, gələcəkdə kalibrlənmə və ölçmə imkanlarının (CMC) genişləndirilməsinə, habelə qabaqcıl təcrübələrin AzMİ-də tətbiqinə imkan verəcək.
Göstərilən platformalarda paylaş: