AzMİ-də media nümayəndələri üçün maarifləndirici təlim və mediatur təşkil olunub
18.06.2026Media nümayəndələrinə metrologiyanın əhəmiyyəti, ölkədə ölçmə və kalibrlənmə imkanları barədə məlumat verilib, eləcə də AzMİ-nin laboratoriya infrastrukturu əyani şəkildə nümayiş etdirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) media nümayəndələri üçün maarifləndirici təlim və mediatur təşkil olunub.
Tədbir media nümayəndələrini metrologiya sahəsi ilə daha yaxından tanış etmək, metroloji xidmətlərin əhəmiyyəti, milli etalon bazası və laboratoriya infrastrukturunun inkişafı istiqamətində görülən işlər barədə məlumatlılığı artırmaq məqsədilə keçirilib.
Tədbirdə AzMİ-nin baş direktoru Xamis Seyranov açılış nitqi ilə çıxış edib, qurumun fəaliyyət istiqamətləri, mövcud və yaradılması planlaşdırılan laboratoriyalar, eləcə də müvafiq sahədə beynəlxalq əməkdaşlıqlardan bəhs edib.
Daha sonra AzMİ nümayəndələri metrologiyanın gündəlik həyatda, sənayenin inkişafında, sahibkarlıq subyektlərinin fəaliyyətində və istehlakçı hüquqlarının qorunmasında rolu, həmçinin Azərbaycanın Milli Etalon Vaxtı – UTC(AZ) haqqında təqdimatla çıxış ediblər.
Tədbir çərçivəsində Azərbaycan Metrologiya İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalara mediatur təşkil olunub və media nümayəndələri laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olublar. Mediatur zamanı laboratoriyalarda istifadə olunan müasir avadanlıqlar, ölçmə və kalibrlənmə imkanları, eləcə də həmin laboratoriyaların tətbiq sahələri barədə ətraflı məlumat təqdim edilib.
Göstərilən platformalarda paylaş: