AzMİ əməkdaşları COOMET-in Kütlə və əlaqəli kəmiyyətlər üzrə Texniki Komitəsinin iclasında iştirak ediblər
13.10.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) Kütlə və əlaqəli kəmiyyətlər üzrə Texniki Komitəsinin (TC 1.6) 30-cu iclasında iştirak ediblər.
Qazaxıstanın Almatı şəhərində keçirilən iclasa həmçinin Belarusiya, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyənin milli metrologiya qurumlarının nümayəndələri qatılıblar.
İclas zamanı Texniki Komitənin fəaliyyəti, müvafiq qərarlarının icra vəziyyəti, COOMET çərçivəsində həyata keçirilən və təklif olunan yeni tutuşdurmalar, habelə "Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında" Beynəlxalq Sazişlə (CIPM MRA) bağlı məsələlər nəzərdən keçirilib.
Eyni zamanda tədbirdə AzMİ-nin fəaliyyət istiqamətləri, beynəlxalq metrologiya sistemində əldə etdiyi nailiyyətlər, eləcə də kütlə və əlaqəli kəmiyyətlər üzrə laboratoriyalar barədə təqdimat nümayiş olunub.
Bundan əlavə, tədbir çərçivəsində AzMİ əməkdaşları "Təzyiq ölçmələrində aktual məsələlər və təcrübə" mövzusunda keçirilən təlimdə iştirak ediblər. Təlim zamanı təzyiq ölçmələrinin tarixi və inkişafı, müasir yanaşmalar və qabaqcıl texnologiyalar, eləcə də ölçmələrin dəqiqliyinin və izləniləbilənliyinin təmin edilməsi haqqında məlumat verilib.
Göstərilən platformalarda paylaş: