AzMİ mütəxəssisləri Azərkosmosda elektromaqnit çirklənməsi ilə bağlı ölçmələr aparıblar
18.05.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasının mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının Kosmik Agentliyinə (Azərkosmos) məxsus müxtəlif güc və diametrə malik ötürücü və qəbuledici antenalarda elektromaqnit çirklənməsi ilə bağlı ölçmələr aparılıb.
Ölçmələr əsasən 5.8-6.4 GHz, 13.750-14 GHz və 14-14.5 GHz tezlik diapazonlarında fəaliyyət göstərən antenalar üzərində həyata keçirilib. Sözügedən antenalar yerli peyklərin idarə olunması, müxtəlif idarəetmə funksiyalarının icrası və rabitə xidmətlərinin təmin edilməsi məqsədilə istifadə olunur.
Həmçinin ölçmələr zamanı 2 MHz - 18 GHz diapazonunda işləyən xüsusi ölçmə probundan istifadə edilməklə ötürücü antenaların ətrafında elektromaqnit çirklənməsi səviyyəsi müəyyən edilib. Bundan əlavə, 1 Hz - 400 kHz tezlik aralığında fəaliyyət göstərən aşağı tezlikli elektromaqnit mənbələrinin, 10 kV və 35 kV-luq yüksək gərginlik xətlərinin, eləcə də avtomobil üzərində yerləşdirilmiş siqnalötürücü səyyar antenanın yaratdığı elektromaqnit şüalanması da ölçülüb.
Məlumat üçün bildirək ki, müxtəlif yüksək güc rejimlərində çalışan bu cihazlar ətraf mühitə elektromaqnit dalğaları şüalandırır. Elektromaqnit şüalanması qeyri-ionlaşdırıcı şüalanma növünə aid olsa da, uzunmüddətli təsirlər bəzi hallarda insan sağlamlığı üçün risk yarada bilər. Bu baxımdan elektromaqnit çirklənməsi ilə bağlı ölçmələr və normativ tələblərə uyğunluğunun qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Göstərilən platformalarda paylaş: