/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Metrologiya: Qərarvermədə etimad yaradan əsas

20.05.2026

Hər il 20 may tarixi Ümumdünya Metrologiya Günü kimi qeyd olunur. Bu tarix 1875-ci ildə Fransanın paytaxtı Paris şəhərində Metrik Konvensiyasının imzalanmasının ildönümünə həsr olunub.

2026-cı il üzrə Ümumdünya Metrologiya Gününün devizi “Metrologiya: Qərarvermədə etimad yaradan əsas” (Metrology: Building Trust in Policy Making) olaraq müəyyən edilib. Cari ilin mövzusu metrologiyanın qərarverici qurumlar üçün elmi cəhətdən əsaslandırılmış, şəffaf və praktik tətbiq imkanlarına malik siyasətlərin formalaşdırılmasındakı rolunu vurğulayır.

Müasir dövrdə elmi və qanunverici metrologiya istehlakçı hüquqlarının qorunması, ədalətli ticarətin təmin edilməsi, bazar münasibətlərinin düzgün tənzimlənməsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Enerji və yanacaq ölçmələrindən başlayaraq nəqliyyat təhlükəsizliyi, ətraf mühitin monitorinqi və ticarət əməliyyatlarınadək bir çox sahədə etibarlı ölçmələr qərarların düzgün qəbul edilməsinin əsasını təşkil edir.

Bu istiqamətdə metrologiya institutları ölçmə elminin inkişaf etdirilməsi, yeni ölçmə metodlarının hazırlanması və beynəlxalq səviyyədə etibarlılığın təmin olunması məqsədilə mühüm fəaliyyət həyata keçirirlər. Metrologiya institutları Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) və regional metrologiya təşkilatları tərəfindən əlaqələndirilən beynəlxalq tutuşdurmalarda iştirak etməklə ölçmə nəticələrinin qlobal səviyyədə uyğunluğunu və tanınmasını təmin edirlər.

Bundan əlavə, qanunverici metrologiya sahəsində fəaliyyət göstərən qurumlar qanunvericiliklə tənzimlənən ölçmələrin beynəlxalq tələblərə uyğun tətbiqinə və nəzarətinə mühüm töhfə verir. Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilat (OIML) tərəfindən hazırlanmış beynəlxalq tövsiyələr ölçmə vasitələrinə dair tələblərin uyğunlaşdırılmasına və tənzimlənən ölçmə vasitələrinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir.

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ölkədə ölçmələrin vəhdətinin təmin olunması, milli etalon bazasının inkişaf etdirilməsi və beynəlxalq metroloji tələblərə uyğunluğun gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. AzMİ beynəlxalq və regional metrologiya təşkilatları çərçivəsində həyata keçirilən tutuşdurmalarda və əməkdaşlıq layihələrində fəal iştirak etməklə ölçmə nəticələrinin beynəlxalq səviyyədə tanınmasına, eləcə də sənaye, ticarət, səhiyyə, energetika və digər sahələrdə etibarlı ölçmə infrastrukturunun formalaşdırılmasına mühüm töhfə verir.

Bu əlamətdar gün münasibətilə Azərbaycan Metrologiya İnstitutunun kollektivini, eləcə də metrologiya sahəsində fəaliyyət göstərən bütün mütəxəssisləri təbrik edirik. Ölçmələrin dəqiqliyinin və etibarlılığının təmin edilməsi istiqamətində həyata keçirdikləri fəaliyyətlərdə hər kəsə uğurlar və yeni nailiyyətlər arzulayırıq.

Metrologiya: Qərarvermədə etimad yaradan əsas
Metrologiya: Qərarvermədə etimad yaradan əsas