/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“MDB-nin Ən Yaxşı Gənc Metroloqu” I Beynəlxalq Müsabiqəsi elan edilib

30.01.2026

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) metrologiya sahəsində fəaliyyət göstərən gənc mütəxəssisləri və tədqiqatçıları “MDB-nin Ən Yaxşı Gənc Metroloqu” I Beynəlxalq Müsabiqəsində iştirak etməyə dəvət edir.

Müsabiqə 16–17 iyun 2026-cı il tarixlərində “Gələcək bizimdir” adlı Gənc Alim və Mütəxəssislərin IV Beynəlxalq elmi-praktik konfransı çərçivəsində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçiriləcək.

Sözügedən müsabiqədə namizədlər “Elmi metrologiya üzrə MDB-nin Ən Yaxşı Gənc Metroloqu”, “Praktik metrologiya üzrə MDB-nin Ən Yaxşı Gənc Metroloqu”, “Metrologiyanın rəqəmsallaşdırılması üzrə MDB-nin Ən Yaxşı Gənc Metroloqu” və “Xüsusi kateqoriya üzrə MDB-nin Ən Yaxşı Gənc Metroloqu” nominasiyaları üzrə yarışacaqlar.

Müsabiqədə yaşı 35-dək olan, MDB-yə üzv dövlətlərdə elmi və ya tətbiqi metrologiya sahəsində çalışan mütəxəssislər akademik dərəcəsindən, elmi adından və tutduğu vəzifədən asılı olmayaraq iştirak edə bilərlər.

Üç mərhələdən ibarət müsabiqənin birinci mərhələsində namizədlər 4 aprel 2026-cı il tarixinədək ərizə forması və elmi məqalələrinin mətnini Təşkilat Komitəsinə təqdim etməlidirlər. Müsabiqəyə buraxılan namizədlərin siyahısı 30 aprel 2026-cı il tarixindən gec olmayaraq elan ediləcək.

İkinci mərhələdə namizədlərə praktiki tapşırıqlar və testlər təqdim ediləcək, üçüncü mərhələdə isə iştirakçılar təqdim etdikləri elmi işlər üzrə təqdimatla çıxış edəcəklər.

Hər üç mərhələnin nəticələrinə əsasən əvvəlcədən müəyyən edilmiş meyarlar üzrə ümumi bal hesablanacaq.

Qaliblər və ikinci yerin sahibləri diplom və mükafat nişanları, digər iştirakçılar isə sertifikatlarla təltif olunacaqlar.

Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyat və ətraflı məlumat üçün ali.muradov@metrology.gov.az elektron poçt ünvanı və ya (+994) 12 514 96 06 (daxili: 5665) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, müsabiqənin keçirilməsi metrologiya sahəsində gənc kadr potensialının inkişafına, elmi-tətbiqi fəaliyyətin təşviqinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.